“Onların missiyası münaqişə tərəfləri arasında dayanmaq, silahlı toqquşmaların qarşısını almaqdır”
“Ruslar nə öz nizamnamələrinə, nə də BMT-nin mandatına uyğun funksiyalarını həyata keçirirlər"
Uydurma “Böyük Ermənistan” iddiasını gerçəkləşdirməkdən ötrü tarixi saxtalaşdırmağa çalışan ermənilərin ənənəsini bu gün də Rusiya Müdafiə Nazirliyi davam etdirir.
Bu ölkənin Müdafiə Nazirliyi(MN) yaşayış məntəqələrimizi uydurma erməni toponimləri ilə qeyd edir.
Rusiya sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.
Onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı Çardaqlıdır. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.
2022-ci il 26 noyabr tarixli rəsmi məlumatında "Mardakert" və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə Ağdərə və Xocavənddir.
Azərbaycan Müdafiə Nazirliyi bir neçə dəfə etiraz bildirsə də, Rusiya sülhməramlı kontingenti həmin açıqlamalara etinasız yanaşıb. Şimal qonşumuzun aidiyyəti dövlət qurumları – MN və XİN buna reaksiya verməyib.
Rəsmi Moskvanın mövqeyi ilə bağlı "Sherg.az"a danışan millət vəkili, siyasi analitik Arzu Nağıyevin qənaətincə, Rusiya MN qəsdən belə addımlar atır:
"Sadəcə qızışdırıcı mövqedən çıxış edirlər. Rəsmi saytlarında Azərbaycanın yer adlarını, toponimlərini ermənilərə məlum formada yayımlayırlar. Guya Müdafiə Nazirliyinin xəritəsinə istinad edirlər. Absurd məsələlərdir. Addımları gördükləri işə fayda gətirmir. Ermənipərəst mövqelərini yenə ortaya qoydular. Silah-sursat, texnikanın daşınmasında da müşayiətedici rol oynayırlar. Unutmamalıdılar ki, məhz mandata uyğun hərəkət etməlidilər. Sülhməramlı qüvvələrin mandatı münaqişə tərəfləri arasında dayanmaq, silahlı toqquşmaların qarşısını almaqdır. Nə öz nizamnamələrinə, nə də BMT-nin mandatına uyğun funksiyalarını həyata keçirirlər".