"Naxçıvan Muxtar Respublikasının tamamilə ləğv edilməsi barədə heç kəs dəqiq məlumat bilmir. Hər halda Naxçıvanın muxtariyyəti və idarəçiliyi ilə bağlı ciddi struktur islahatlarına ehtiyac var".
Bunu "Sherg.az"a açıqlamasında sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
O bildirib ki, Naxçıvanda Azərbaycan Respublikasının Konstitusiyası ilə uyğun olmayan müddəa və prinsiplər aradan qaldırılmalıdır:
"Bura Gömrük komitəsi, müdafiə, təhlükəsizlik, icra hakimiyyəti orqanlarının funksiyalarını yerinə yetirmələrinə dair məsələlər daxildir. Azərbaycan vətəndaşlarının bərabərlik hüququ nüansı da var. Praktikada onu pozan məsələlər haqda qanunvericilikdə dəyişikliklər edilməlidir. Naxçıvanda həm icra hakimiyyəti, həm qanunverici hakimiyyət bir vəzifəli şəxsin Ali Məclis sədrinin əlində cəmləşib. Hakimiyyət bölgüsü prinsiplərinə ziddir. Modellərdən biri Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsinim təyin olunması və bir sıra mərkəzi İcra Hakimiyyəti orqanları ilə əlaqələrin həmin şəxsin əlində cəmləşməsi ola bilər. Yerli özünüidarə prinsipi əsasında qurulması daha məqsədəuyğundur".
Qeyd edək ki, noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.