“Valideynləri onları riskə atmamalıdırlar”
Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanılıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib ki, belə olayların yaşanmaması üçün valideynlərin üzərinə inzibati məsuliyyət qoyulmalıdır:
"Onlar Suriyaya birbaşa deyil, ayrı-ayrı ölkələrdən gedirlər. İran vasitəsilə həmin ərazilərə keçməkləri mümkündür. Azyaşlıların Suriyaya aparılmasının qarşısının alınması üçün maarifləndirici tədbirlər görülməlidir.
Valideynlər məsuliyyətli yanaşmalıdırlar. İşlə bağlı belə ölkəni tərk etsə də, övladlarını aparmamalıdır. Onları riskə atmamalıdır. Valideyn işə görə başqa yerə gedirsə, övladını təhlükə altına salmamalıdır".