"Yunan, erməni, hind lobbilərinin ciddi cəhdləri ilə prosesi uzatdılar”
“Həm də sonradan erməni lobbisinin əsas fəaliyəti və iştirakı ilə kampaniya ləngidi”
“Amma ABŞ-ın fəaliyyəti heç də yunan və ya erməni lobbisinin maraqları üzərində qurulmayıb, dövlət maraqları var”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu moldovalı həmkarı Niku Popesku ilə birlikdə mətbuat konfransı keçirib. M. Çavuşoğlu F-16 qırıcıları ilə bağlı müzakirələrin müsbət istiqamətdə davam etdiyini və artıq bu təyyarələri almalı olduqlarını bildirib. Onun sözlərinə görə, ABŞ rəsmiləri də bu barədə açıqlamalar verib: “Ağ Ev "F-16"nın tədarükünün NATO üçün də faydalı olduğunu təsdiqləyib. Artıq proses başa çatmalıdır, "F-16"ları almalıyıq. Bu, hər kəsin xeyrinədir".
Türkiyəli diplomatın fikirlərini "Sherg.az"a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd edib ki, ABŞ 2023-cü ilin dövlət büdcəsinin təsdiqi zamanı F-16 qırıcılarının Türkiyəyə satışına qoyulan qadağanı aradan qaldırıb:
"Yunan, erməni, hind lobbilərinin ciddi cəhdləri ilə prosesi uzatdılar. Əvvəl F-35 proqramını satmalı idilər, lakin nəticə əldə olunmadı. Türkiyənin 2 milyard dollardan çox pulu ABŞ-da qaldı. ABŞ isə Türkiyənin pulunu qaytarmalıdır. Hətta ona görə iyun ayında İsveçlə Finlandiyanın NATO-ya üzvlük məsələsində Türkiyə qəti mövqe ortaya qoyanda ABŞ Prezidenti Co Bayden bununla məcbur razılaşdı.
Həm də sonradan erməni lobbisinin əsas fəaliyəti və iştirakı ilə kampaniya ləngidi. Amma ABŞ-ın fəaliyyəti heç də yunan və ya erməni lobbisinin maraqları üzərində qurulmayıb, dövlət maraqları var.
ABŞ-nin Türkiyəyə F-16 qırıcılarını satması gündəm idi. M.Çavuşoğlunun çıxışında xüsusilə həmin məsələyə toxunması işlərin böyük qisminin yekunlaşdığından xəbər verir.
Türkiyədəki F-16 qırıcılarının yenidən modernizasiya edilmə məsələsi də var.
Hər biri diqqətə alınacaq. Türkiyə və ABŞ arasındakı F-16 qırıcıları ilə əlaqəli müzakirələr müsbət həllini tapmasa, gərginlik davam edəcək.
Bu da nəticə etibarilə ABŞ-nin bölgəyə ilə bağlı maraqlarına, NATO çərçivəsində Türkiyə ilə strateji əməkdaşlığına böyük zərbə vura bilər".