UNEC-i qınayan da var, alqışlayan da
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə TikTokerlərin görüşü təşkil olunub.
Görüntülər sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.
Görüntülərdə universitetin akt zalında keçirilən görüşdən yayılmış videoda bir neçə tiktokerin iştirak etdiyi, tələbələrin onları coşqu ilə alqışladığı məlum olur.
"Qafqazinfo.az" məsələ ilə əlaqədar İqtisad Universiteti ilə əlaqə saxlayıb. Təhsil müəssisəsindən sorğularına cavab olaraq bildirildi ki, sözügedən görüş UNEC-in tələbə təşkilatları tərəfindən keçirilib və bu məsələdə onlara seçim üçün tam sərbəstlik verilib.
Qeyd edək ki, sözügedən videodan görüşdə tiktokerlər Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İsgəndərovun iştirak etdiyi görünür.
Sosial şəbəkə istifadəçiləri yenə iki qütbə ayrılıb. Gündəmi zəbt edən hadisə ilə bağlı yazıçılar, mütəxəssislər, jurnalistlər, sosial media fəalları Feysbuk hesablarında fikirlərini qeyd ediblər. Kimisi TikTokerlərlə baş tutan görüşü tənqid hədəfinə çevirir, kimisi alqışlayır.
"Sherg.az" həmin şərhləri təqdim edir:
Texnobloqer Fərid Pərdəşünas:
"Universitetə tiktoker çağırmağın tərəfdarıyam və iki əlli razıyam. Çünki adamlar günümüzdə səndən də, məndən də çox pul qazanırlar. İqtisad Universiteti üçün, məncə, faydalı məzmundur. Nikosayağı TikTok jetonları ilə bizim 5 ilə ala bilmədiklərimizi ala bilər. Ona görə paxıl olmamaq lazımdır. Cəmiyyət nəyə və kimə dəyər verirsə, qabağa getməyi normaldır və elə onlar da ən yaxşı nümunədir.
Zarafatı bir kənara qoysaq, belə görüşlər, adətən Universitetin gənclər təşkilatlarının təşəbbüsü ilə keçirilir. Yəni rəhbərlik gətirib, mühazirə oxutmur. Gənclər təşkilatları üçün sadə bir aktivlikdir. Sadəcə universitet zalı olması əlavə mənə yükü verir. Məsələn, vaxtaşırı mən də gedirəm belə görüşlərə, amma sosial media bu haqda qətiyyən danışmaz. Media üçün TikToker lazımdır ki, yazıb cəmiyyəti, universiteti, təhsil sistemin yerlərə vursun. Belə etməklə uzağı o gənclər təşkilatlarının uşaqlarına töhmət verdirəcəyik".
Gənc yazıçı Nihat Pir:
"Bu məsələdə rektor daxil universitetin rəhbər heyəti birbaşa günahkardır. Göz görə-görə cahillikdir. Bu, rəzillikdir. Bu, qiyamət günüdür. Bu, axirətdir. Bu, inkir-minkirin sorğu-sualıdır. Tiktokerlə görüş universitetin rüsvayçılığıdır".
Araşdırmaçı jurnalist Samir Feyzurov:
"Təhsil sistemindəki nəzarətsizlik ölkənin milli dəyərlərinə, təhlükəsizlik konsepsiyasına ciddi və sarsıdıcı zərbələr vurmaqdadır. Dövlətin təhlükəsizliyi sərhədlərdən yox, ailədən başlayır. UNEC-dəki görüş ilk baxışdan sadə görünsə də, əslində cəmiyyətimizin düşdüyü affekt vəziyyətin göstəricisidir. Tələbələr həyatda uğur qazanmağın (karyera, pul) yollarını Tiktokerlərdən öyrənməyə çalışıblar. Həmin TikTokerlər gecədən səhərə qədər küçə jarqonları ilə danışmaqla pul qazanırlar. Azərbaycan gəncliyinin söyüşcül, təlxək Tiktokerlərdən çıxış yollarını öyrənməsi bir nəticə kimi ortaya çıxıb.
Hər kəs kimi, öz taleyi ilə əlaqəli gənclərimizdə də dərin bir ümidsizlik var. Gənclər pul qazanmaq istəyirlər, amma alimin, müəllimin pul qazana bilmədiyini görürlər. Tələbələr gələcəkdə vəzifə tutmaq istəyirlər, amma baxırlar ki, vəzifəyə təyin olunmağın meyarları tamam başqadır. Pul, inkişaf şansı, vəzifə tutmaq imkanları tiktokerlər üçün daha əlçatandır.
Pis, çox pis nümunələrlə üz-üzə dayanmışıq. Uzun illər Azərbaycan televiziyaları artıq bu gün Xalq artisti fəxri adını daşıyan cinsi oriyentasiyalı, ailəsiz və istedadsız müğənnilərin təbliğatını apardı. Cəmiyyət də onlardan nümunə götürdü, onlara oxşamağa başladı. Amma Fuad Poladov və onun kimi xarakterli, istedadlı insanlar efirlərimizdə olsaydı, cəmiyyət onlara oxşamağa başlayacaqdı... Olmadı!".
Report İnformasiya Agentliyinin müxbiri, jurnalist Aqşin Rafiqoğlu:
"Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü təşkil olunub. Tiktoker də olmadıq ee...."
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz:
"Belə bir görüş barədə nəinki universitetləri tənqid, əksinə təqdir etmək daha doğru olardı.
Hazırda TikTok Azərbaycanın informasiya mühitində xüsusi yer tutur. Milyonlarla istifadəçisi var.
Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti və tanıtım üçün effektiv istifadə edilir.
Son zamanlar çox doğru addımlar atılır, dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir.
Belə bir anda UNEC-i, universitetləri TikTok-dan kənar tutmaq çağırışları düzgün bir yanaşma deyil.
Əksinə, biz hökumətdən , ETN-dən, UNEC-dən və digər universitetlərdən xahiş və tələb etməliyik ki, TikTok-da faydalı kontent istehsalına resurslar ayrılsın. Azərbaycan dilli faydalı kontentin yaradılması, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək göstərilsin. TikTok-da təhsil yönümlü, intellektual yönümlü, vətənpərvərlik istiqamətində video resursların hazırlanması üçün qrantlar verilsin.
TikTok-dan, onun marketinq alətlərindən startap ekosistemin, sahibkarların biznes və tanıtım üçün necə effektiv istifadə olunması ilə bağlı təlimlər keçirilsin, maarifləndirici resurslar hazırlansın.
Sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması, uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində fəaliyyəıt dəstəklənsin və s.
Məsələn,müşahidə etsək ki, UNEC tiktokerlərlə bu cür görüşdən sonra öz tələbələrini də cəlb etməklə təhsil, marketinq yönümlü faydalı video resurslar hazırlamaq üçün auditoriyası geniş olan TikTokerlərə qrantlar ayırıb, bunu ancaq alqışlamaq olar".