Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələri nin bölmələri təxribat törədib. Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.
Hadisə ilə bağlı "Sherg.az"a danışan millət vəkili Aqil Abbas bildirib ki, Azərbaycan Ordusu adekvat tədbirlər görür:
"Əgər Ermənistan silahlıları atəşkəsi pozmağa davam edərlərsə, ciddi cavab alacaqlar. Ermənistanın taleyi bizim əlimizdə olacaq. Ermənistan dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzədir. Erməni silahlı birləşmələri təxribatlardan əl çəkmədiyi və şəhid verdiyimiz təqdirdə böyük toqquşmalar baş verə bilər. Bu isə Ermənistanın məhvi deməkdir. 44 günlük müharibə dönəmində də havadarları terrorçuları silahlandırırdı, yenə məğlubiyyətə uğradılar".