Faiq Ələkbərli:“Məncə, şam ağacının üzərində şəhid şəklinin qoyulması qəbuledilməzdir. Şəhidlərin məzarını ziyarət etmək, anım tədbirləri keçirtmək daha çox lazımdır”
Lalə Mehralı:“Müqəddəs bildiyimiz ağacın üzərinə fotosunu asmaq daha məntiqlidir"
Yeni ilin astanasındayıq. Hər kəs Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təmtəraqla, ziyafətlə qarşılamasa da, kiçik yığıncaq keçirir. Bayramlarda arzulayırdıq ki, gələn ili Qarabağda qeyd edək. Artıq o arzumuz iki ildir, gerçəkləşib. 44 günlük Vətən müharibəsindən sonra sosial şəbəkələrdə hər Yeni il ərəfəsində şam ağaclarının üzərinə şəhid fotolarının asıldığı şəkillər yayılır.
Həmişəki kimi fikir ayrılığı yaşanır. Sosial şəbəkələrdə bəziləri bunu tənqid, bəziləri isə təqdir edir. "Bu, şəhidləri bayramlarda da unutmadığımız anlamına gəlir", "Şam ağacını şəhid şəkilləri ilə bəzəmək düşüncəsizliyin neçənci səviyyəsidir", "Dəlixanadır", "Elədirsə, şəhidlərimizi harda xatırlayaq?" kimi fikirlər səsləndirilir.
Müzakirələrə səbəb olan mövzu ilə əlaqəli "Sherg.az"la fikirlərini bölüşən türkoloq-alim Faiq Ələkbərli bunun çox həssas məsələ olduğunu vurğulayıb:
"Elə ailələr var ki, bunu şəhidlərinin Yeni ildə də yad edilməsi kimi qiymətləndirir. Sözügedən aspektdən yanaşaraq haqq qazandırırlar. Hər tərəfin öz arqumentləri var. Məncə, şam ağacının üzərində şəhid şəklinin qoyulması qəbuledilməzdir. Bunu doğru saymıram, mənalı deyil. Lakin kimsə özündə rahatlıq tapmaq niyyəti ilə belə addım atırsa, birmənalı şəkildə ittiham etməməliyik. Fərdlərin düşüncələri fərqlidir. Şəhidlərin məzarını ziyarət etmək, anım tədbirləri keçirtmək daha çox lazımdır".
Sosioloq Lalə Mehralı isə bildirib ki, şam ağacının üzərinə şəhid şəkli asmaqla qəbahət iş görmürlər:
"Şam ağacının əkilməsi, böyüdülməsi türklərdə müqəddəs davranış kimi qəbul edilir. Məzarlıqlarda şam ağaclarının sayı çoxdur. Çünki ta qədimdən pis ruhları, varlıqları qovmaq üçün şam ağacının müdafiəsi, qalxanı olduğu düşünülür. Azərbaycanın əksər ərazisində şam ağacları üstünlük təşkil edir.
Bəzən söyləyirlər, şam ağacının bəzədilməsi xristianlardan bizə keçib. Lakin öz qədim adətimizdir. Müqəddəs bilinən ağacın üzərindən müqəddəs şəhidlərimizin fotosunu asmaq o qədər də tənqid ediləsi vəziyyət deyil. Bayram əhval-ruhiyyəsinə görə tənqid hədəfinə çevrilir. Şam ağacının üzərində fotolarını asmaqla onları xatırlayırıq.
Ümumilikdə, fərddən fərdə dəyişən mövzudur. Bəlkə, etiraz edən şəhid ailələri də ola bilər. Amma şəhidin maketin düzəldib, qarşısında oynamaq, toy etməkdənsə, müqəddəs bildiyimiz ağacın üzərinə fotosunu asmaq daha məntiqlidir".