“Sülhməramlılar etirazçılara müdaxilə edə bilməz” – Sonun başlanğıcı!

“Bu baş versə, Azərbaycan tərəfinin də müdaxilə edəcəyini yaxşı bilirlər. 

"Rəsmi Bakı bunu əsas gətirib, sülhməramlıların vaxtından tez ölkəni tərk etməsini tələb edə bilər"


Dünəndən bir qrup azərbaycanlı QHT, media təmsilçisi və ictimai fəal Laçın-Xankəndi yolunu bağlayaraq, dic aksiya keçirir. Onların tələbi sülhməramlıların nəzarəti altında olan Xocalı-Xankəndi ərazilərində ekoloji monitorinqin aparılması üçün ərazilərə buraxılmalarıdır.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.
Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarlarını səsləndirir.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərdində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Keçirilən aksiyalarla bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev bildirib ki, Rusiya sülhməramlıları əraziyə əlavə qüvvə cəlb edib:

"Sülhməramlıların əraziyə əlavə qüvvə cəlb etməsi fonunda Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən “Baqramyan 26” teleqram kanalının iddiası diqqət çəkir. Kanal iddia edir ki,  Rusiya sülhməramlıları Laçın yolunda keçirilən dinc aksiyanı dağıtmağa hazırlaşır.

Kanalın iddiası hər nə qədər diqqət çəksə də, real deyil.

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin keçirdiyi aksiya dini və ya etnik zəmində deyil. Etiraz aksiyasında heç bir rasizm və nifrət şüarları səslənməyib. “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyaları tamamilə dinc xarakterli olduğu üçün sülhməramlılar prosesə müdaxilə edə bilməz.

Ümumiyyətlə, Rusiya sülhməramlılarının Azərbaycan vətəndaşlarına toxunması, xəbərdarlıq məqsədi ilə atəş açması, bu və ya başqa formada fiziki zorakılıq xarakterli müdaxilə etməsi həm 10 noyabr Bəyanatının, həm də 22 fevral Moskva bəyannaməsinin (red. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə) kobud şəkildə pozulması deməkdir".

Politoloqun qənaətincə,  Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən “Baqramyan 26” teleqram kanalı 44 günlük Vətən müharibəsi gedişində də dəfələrlə dezinformasiya xarakterli iddialar, informasiyalar yayıb:

"Nəzərə alsaq ki, aksiyalara dəstək məqsədi ilə insanlar əraziyə axın edir, erməni tərəfi aksiya iştirakçılarını qorxutmaq, çəkindirmək üçün bu tipdə iddia yaya bilər.

Etiraz aksiyasının keçirildiyi ərazidə Rusiya sülhməramlıları ilə bərabər Azərbaycan təhlükəsizlik qüvvələri də fəaliyyət göstərir. Sülhməramlılar bunu bilə-bilə etirazçılara müdaxilə edə bilməz. Bu baş versə, Azərbaycan tərəfinin də müdaxilə edəcəyini yaxşı bilirlər. 

Digər tərəfdən, sülhmərmalıların aksiya iştirakçılarına müdaxilə etməsi onların sülhməramlı mandatını sonlandıra bilər. Rəsmi Bakı bunu əsas gətirib, sülhməramlıların vaxtından tez ölkəni tərk etməsini tələb edə bilər".