“Qarabağ erməniləri aksiyalardan nəticə çıxarmalıdır” – Ciddi mesaj!


“Bir neçə gündür davam aksiyalar bu məsələnin ciddiliyini ermənilərə xatırlatdı"

"Qarabağ erməniləri gələcəkləri barədə düşünürsə, ayağa qalxmalı, etirazlarını bildirməli, Ermənistan iqtidarından Azərbaycanla sülh müqaviləsi imzalamağı tələb etməlidirlər”


"Qarabağda yaşayan ermənilər "timsah göz yaşları" tökməyə başlayıblar. Onlar təhlükəsizliklərinə təhdid olduğunu iddia edirlər. Sual yaranır: sənin bizim torpaqlarımızda nə işin var ki, təhlükəsizliyinə təhdid yaransın?
Məhz aksiya nəticəsində Qarabağda yerləşən ermənilər həqiqəti anlamağa başlayırlar".
Bunu "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Kənan Novruzov deyib.
Onun qənaətincə, etirazlar ermənilərin torpaqlarımızda qanunsuz yaşaya bilməyəcəklərini onlara başa salır:
"Azərbaycan Xarici İşlər Nazirliyinin torpaqlarımızda qanunsuz yaşayan ermənilərlə bağlı yaydığı bəyanatda göstərilib ki, onların təhlükəsizliyinin təmin olunması Azərbaycanın daxili işidir. Rəsmi Bakı onların təhlükəsizliyini təmin edə bilər. Əvvəllər də müxtəlif səviyyələrdə dəfələrlə bəyan edildiyi kimi, ərazilərimizdə qanunsuz yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Bir neçə gündür davam aksiyalar bu məsələnin ciddiliyini ermənilərə xatırlatdı".

K.Novruzovun dediklərinə görə,  əgər Xankəndidə yaşayan ermənilər təhlükəsizliklərindən narahatdırlarsa,  səbəbini Paşinyan hakimiyyətində axtarmalıdırlar. Çünki ərazimizdə ekoloji terror törədən, üçtərəfli razılaşmaların şərtlərinə əməl etməyən, o cümlədən hələ də terrorçuları Qarabağdan çıxarmayan məhz rəsmi İrəvandır:

"Qarabağ erməniləri gələcəkləri barədə düşünürsə, ayağa qalxmalı, etirazlarını bildirməli, Ermənistan iqtidarından Azərbaycanla sülh müqaviləsi imzalamağı, təxribatçı addımlardan çəkinməyi tələb etməlidirlər. Əks halda bilməlidirlər ki, Azərbaycan xalqı özbaşınalıqlara dözümlü yanaşmayacaq. Biz bir neçə dəfə öz işimizi həll etməyə qadir olduğumuzu göstərmişik.
Beləliklə, Qarabağ erməniləri verilən mesajlardan nətiə çıxarmalı, böhranlı hesab etdikləri vəziyyətdən öz xeyirləri üçün istifadə etməlidirlər".

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
Aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.