Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının geniş tərkibdə görüş keçirilib.
Dövlət Başçılarının görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Prezident Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki işlərinin 2024-cü ildə tamamlanacağını deyib:
"Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub”.
Jurnalist, siyasi şərhçi Fuad Abbasov Zəngəzur dəhlizinin açılması ilə bağlı "Sherg.az"la fikirlərini bölüşüb. O bildirib ki, ermənilər həm Laçın dəhlizini istifadə edirlər, həm də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar:
"Son günlər Laçın dəhlizində keçirilən aksiyalar ermənilərə xəbərdarlıqdır. Əlbəttə, ekologiya bizim üçün vacibdir. Dəmir və qızıl mədənlərinin qanunsuz istifadəsinin qarşısının alınması mühüm məsələdir. Həm təbii sərvətlərimizin istismarı, həm də Zəngəzur dəhlizinin fəaliyyətinin gecikdirilməsi fonunda Laçın yolunun açılmasında müəyyən qədər vaxt lazım olacaq. Bunu çox yaxşı anlayırlar. İmkanları götür-qoy etdikdən sonra Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına da razılıq verəcəklər".