"Türkmənistanda üç qardaş ölkənin zirvə görüşündə bir sıra vacib məqamlara toxunuldu. Yeni əməkdaşlıq platformasında daha böyük coğrafiyanı əhatə edəcək birgə fəaliyyət barədə müzakirələr aparıldı".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin açılması bir reallıqdır:
"Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açdı. Dövlət başçısı Vətən müharibəsi bitəndən sonra Hacıqabul səfərində vurğulayıb: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik".
Ermənistanın havadarları Zəngəzur dəhlizinə qarşı çıxırlar. Lakin Zəngəzur dəhlizi Avrasiyanı əhatə edəcək Orta Dəhlizin ən vacib elementlərindəndir. Dünya, xüsusilə Avrasiya ölkələri layihəni yüksək qiymətləndirirlər. Azərbaycan Prezidentinin təşəbbüsü dünyada dəstəklənir".
Qeyd edək ki, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının geniş tərkibdə görüş keçirilib. Dövlət Başçılarının görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Dövlət başçısı Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki işlərinin 2024-cü ildə tamamlanacağını deyib.