Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir. Aksiyanın beşinci günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər. Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də irəli sürülüb. Etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir. Aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artır. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini vurğulayırlar.
Vəziyyəti şərh edən analitik Aqşin Kərimov "Sherg.az"a söyləyib ki, Azərbaycan bu aksiyalarla postmünaqişə dövründəki riskləri təhlil etmək üçün “qırmızı xətləri” yoxlayır:
"Aksiyalar sayəsində Azərbaycanda da, Ermənistanda da Rusiya sülhməramlılarına olan etimad mühiti zəifləyir. Rusiyanın hərbi cəhətlərlə mübahisələri tənzimləmək cəhdlərinin effektivliyi sual altına düşür. Azərbaycan aksiyalarla xalqın dirəniş modelini nümayiş etdirir, bu məsələdə ekoaktivistlərin qabağa verilməsi Qərb üçün etiraza "barmaq yeri" qoymamalıdır.
Aksiyalar Qarabağdakı erməni əhalinin şərti qarışıqlıqlarda hansı paraktiki cavab verəcəyini yoxlamaq baxımından önəmlidir. Ermənilərin Xankəndinə mitinq üçün lazımi sayda adam yığa bilməməsi Qarabağdakı erməni əhalinin sayına dair rəqəmlərin şişirtmə olduğunu isbatlayır. Eləcə də, Laçın yolu ilə erməni əhalinin sayının çox olmasını göstərmək üçün yalançı köç həyata keçirildiyini təsdiqləyir".