"Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki yataqlara nəzarəti bərpa edə bilərsə, separatçı-terrorçu rejim ciddi gəlir itkisinə məruz qalacaq.
Bunu "Sherg.az"a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.
O bildirib ki, Xankəndi yolundakı aksiyanın hədəflərindən biri də buna nail olmaqdır:
"Sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə qalan “Dəmirli” və “Qızılbulaq” yataqları “Vallex Group”un 2001-ci ildə yaratdığı “Base Metals” şirkəti tərəfindən istismar edilir.
Müharibədən əvvəl bu yataqların istismarı nəticəsində separatçıların əldə etdiyi illik gəlir 18,7 milyard dram - “büdcə”lərinin 1/3 hissəsi olub. Müharibədən sonra isə qızıl və əlvan metalların dünya bazarında qiymətinin artması nəticəsində bu gəlirlər 45 milyard drama çatıb. Bu da “büdcə”lərinin 2/3 hissəsidir.
Erməni mənbələr “Qızılbulaq” yatağında qızıl və əlvan metalların tamamilə tükəndiyini yazır. “Dəmirli”dən çıxarılan metallar “Qızılbulaq” kombinatında emal edilir.
Həmin yataqlara nəzarət edə bilsək, separatçı-terrorçu rejim əsas gəlirdən məhrum olacaq və rejimin “sağ qalması”nı daha da çətinləşdirəcək".
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri 8 gündür Laçın yolunda aksiyanı davam etdirir.