Ermənistan seçim qarşısında! - “Zəngəzur dəhlizinin açılmasına qarşı çıxarsa...”

“...Laçın yolu bağlanmalıdır. Çünki rəsmi İrəvan üçün Qarabağ ermənilərinin bir önəmi varsa, Zəngəzur dəhlizini bizim üçün açacaq" 

Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.
 Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib. “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezidentin açıqlamasının yeni olmadığını deyən politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, bütün Azərbaycan xalqı dəfələrlə ölkə başçısının dilindən, "Zəngəzur dəhlizi Ermənistanın kaprizlərinə baxmayaraq açılmalıdır" sözlərini eşidib:

"Bu dəhlizin açılmasını bölgə də ən böyük güc olan Türkiyə və Rusiya dəstəkləyir. Qarşı çıxan isə Ermənistan və İrandır. Hətta onlar bizə hədə-qorxu gələrək"Zəngəzur dəhlizinin açılması İranın qırmızı xəttinin keçilməsidir" fikirlərini ifadə etdilər. 

Amma zənnimcə, Azərbaycan Xankəndi-Şuşa yolunun bağlandığı bir dönəmdə Ermənistanın qarşısına sərt bir şəkildə seçim qoymalıdır. 

Yəni biz onlara "Əgər Qarabağ ermənilərinin, İrəvanla əlaqə saxlamağını istəyirsizsə, qarşılığında Zəngəzur dəhlizinin açılmasına maneə törətməməlisiz. Yoxsa Xankəndi-Laçın yolundan söhbət gedə bilməz" deməliyik. 

Digər tərəfdən Xənkəndi-Laçın marşrutu dəhliz deyil, yoldur. Yolun üstündə isə gömrükçülər, sərhəd qoruma xidməti və başqa lazımlı orqanlar öz işlərini görməlidir. 

Ümumiyyətlə, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxarsa, Laçın yolu bağlanmalıdır. Çünki rəsmi İrəvan üçün Qarabağ ermənilərinin bir önəmi varsa, Zəngəzur dəhlizini bizim üçün açacaq".