Rusiya və Fransadan Azərbaycana həmlə! – London  kodları oxuyub – Naxçıvana təhlükə var?

“Azərbaycanla Türkiyə regional təhlükəsizlik arxitekturasının laxladılmasına səylərin olduğunu başa düşür və bu barədə ciddi kəşfiyyat məlumatları mövcud olması mümkündür”

“İsrail də Cənubi Qafqazda Azərbaycana qarşı cəbhənin gizlinlərinin öyrənilməsində Bakıya yardımçıdır”

“Hesab etmək olar ki, Naxçıvanla bağlı hələ də hansısa təhlükəsizlik təhdidləri qalmaqdadır”


Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığının gizlinlərini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov vurğulayıb ki, məlum müzakirə qarşıdan gələn Davos Forumu çərçivəsində iki ölkənin təmaslarının müəyyən edilməsi və koordinasiyası baxımından önəm daşıyır:

“Azərbaycanla Türkiyə regional təhlükəsizlik arxitekturasının laxladılmasına səylərin olduğunu başa düşür və bu barədə ciddi kəşfiyyat məlumatları mövcud olması mümkündür. İsrail də Cənubi Qafqazda Azərbaycana qarşı cəbhənin gizlinlərinin öyrənilməsində Bakıya yardımçıdır və bu işi Türkiyə Milli İstihbarat Təşkilatı ilə birlikdə həyata keçirir. Azərbaycana dəstək verən ölkələrdən biri də Böyük Britaniyadır və London daha çox Rusiyadan və Fransadan olan həmlələrin kodlarını oxuyub Azərbaycana çatdıra bilər. Qısası, Azərbaycanla Türkiyə strateji müttəfiqlik əlaqələrini digər tərəfdaşlarla birlikdə dərinləşdirir. Bununla da region üzərinə qızmış dəmir kimi tökülməyə hazır olan təhdidləri neytrallaşdırmağa çalışır”.

Analitikin sözlərinə görə Bayramov-Çavuşoğlu danışığının motivlərini “daha nələr edilə bilər?” sualı ətrafında fikir mübadiləsinin aparılması təşkil edə bilər:

“Hesab etmək olar ki, Naxçıvanla bağlı hələ də hansısa təhlükəsizlik təhdidləri qalmaqdadır, hərçənd ki, Azərbaycan və Türkiyə təhdidin daha ağırını dəf etməyi bacardı. Davos Forumu sonrakı proseslərin açarı ola bilər, bu mənada həmin beynəlxalq tədbirdə kimin kiminlə görüşməsi, hansı məsələləri müzakirə etməsi məsələlərə təsir edəcək. Davos Forumu nəhəng strateji maraqların mühüm elementi olan iqtisadi alətlərin güclənməsi üçün bir platformadır. Ona görə də, Azərbaycan həmin görüşdə müxtəlif  kanallar vasitəsilə Zəngəzur dəhlizinə nisbətdə əlavə dəstəkləyici formullar almağa çalışacaq”.