“Azərbaycan Ərəb ölkələri ilə çox sıx təmaslar qurur”

“Prezidentin İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycanın qeyri-neft sektorunun da inkişafına təkan verəcək”

“Yəni emal sənayesinin inkişafı planlaşdırılır"


“Bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi”.
Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Ölkə rəhbəri qazandığı böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik edib.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrildiyini bildirərək deyib: “Biz Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik”.

Səfərin kodlarını "Sherg.az"a açan politoloq İlqar Vəlizadə bildirib ki, Azərbaycan Ərəb ölkələri ilə çox sıx təmaslar qurur:

"Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yaşıl enerji ilə bağlı layihələrimiz var. Bu təkcə ikitərəfli münasibətlərin yox, eyni zamanda Azərbaycanın enerji baxımından ixrac potensialının artırılması üçün çox vacibdir. 

Həmçinin Avropa İttifaqı və bizim tərəfdaşımız olan ölkələr bu layihənin reallaşdırılmasında maraqlıdırlar. Bu səbəblə də Azərbaycan və BƏƏ arasındakı münasibətlərə regional konteksdən baxmaq lazımdır.

 Digər tərəfdən son zamanlar turizm sahəsindəki əlaqələrimiz də artıb. Hələ Pandemiya dövründə Ərəb ölkələrindən gələn turistlərin sayı xeyli çoxalmışdı. Bu səfər həm də Azərbaycanın qeyri-neft sektorunun inkişafına da təkan verəcək. Yəni emal sənayesinin inkişafı planlaşdırılır".