Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri “N” saylı hərbi hissədə olublar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi xidmətə yeni çağırılan gənclərin ən çox toplandığı hərbi hissədə şəxsi heyətin qəbulu prosesi, onların ilkin təməl hazırlığı kursunda iştirakı və hərtərəfli təminatı yoxlanılıb.
General-polkovnik K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, qanun və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməsi, həmçinin onların intensiv döyüş hazırlığının təşkili və keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslərə tapşırıqlar verib.
Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib.
Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq keçən komandolarla görüşən general-polkovnik K.Vəliyev hərbi qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və taktikasına yönəldilməsini tapşırıb.
Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az" vurğulayıb ki, burada elə bir fövqəladə hal yoxdur:
"Baş Qərargah rəisi mütəmadi olaraq hərbi hissələrin və bölmələrin döyüş hazırlığı, şəxsi heyət və silah-sursatların vəziyyəti ilə tanış olur. Yəni bunlar baş qərargah rəisinin gündəlik fəaliyyətidir. Həmçinin bizim baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev kabinet generalı olmayıb.
Onun bütün ömrü hərbi hissələrdə keçib. Kərim Vəliyev təcrübəli generaldır və öz təcrübələrini ordumuzla bölüşür. Digər tərəfdən hazırkı vəziyyət də sakit deyil. Qarşıda çox böyük işlər var. Buna cənab Prezident İlham Əliyev də son müsahibəsində toxunmuşdu. Ordumuz daha da güclənir və böyüyür. Bu isə daha çox nəzarət tələb edir”.
Ölkəmizə qarşı təhlükənin olub-olmadığına gəlincə, Ş. Ramaldanov qeyd edib ki, Ermənistan kimi qonşun varsa, hər zaman ehtiyyatlı olmalısan:
“Bu səbəblə də ordumuz hər şeyə hazır olmalıdır".