Professor:“Qəzet səhifələrinə çıxan sənəd adlarını görəndə adam heyrət edir”

"Millət vəkili Nizami Cəfərovun qanunların adı və dilindəki problemlərlə bağlı səsləndirdiyi fikirlərlə razıyam". 
Bunu "Sherg.az"a tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, insan ölkəmizdə qəbul edilən qanunları, bəzən qəzet səhifələrinə çıxan sənəd adlarını görəndə heyrət edir:

"Həmin adların ifadə tərzi hansı dilə məxsusdur, deyə təəccüblənirsən. Bu baxımdan əlbəttə ki, problemlər çoxdur. Heç kimə sirr deyil ki, bizdə qəbul olunan qanunların bir çoxu tərcümə materialı kimi üzə çıxır. Yəni müxtəlif ölkələrə məxsus qərarların adları mexaniki şəkildə tərcümə edilir. 

Hazırda beynəlxalq qanunvericiliyi, konkret sahə ilə bağlı qanunları öyrənmək normaldır. Amma onları ingilis və başqa dillərdən azərbaycancaya tərcümə etmək və bu dilin qaydalarını nəzərə almadan sənədlərin başlığına gətirmək hesab edirəm ki, yolverilməzdir. 

Əlbəttə, Azərbaycanda tarixi irsdən söhbət gedəndə bunu maddi və mədəni olmaqla iki yerə bölürlər. Maddi və mədəniyyət abidələri, maddi və mənəvi irs kimi ifadələr dilimizdə mövcuddur. Sözügedən qanunun adında mədəni və mənəvi irs kimi ifadələrdən istifadə edilməlidir. Dövlət strukturlarında çalışan şəxslərin (məmurlar) bir qisminin Azərbaycan dilini zəif bildiyi dəfələrlə vurğulanıb. 

Bu dilin işlənməsinə laqeyd yanaşırlar. Nəticədə də belə əndirəbadi qanun adları ortaya çıxır. Ona görə də həmin qanunların dili ilə məşğul olan xüsusi mütəxəssislərə ehtiyac var. Təkcə adıçəkilən qanun deyil, bundan əvvəl qəbul olunmuş qərarlarda da analoji ifadələr mövcuddur. Mətləblər elə əcaib şəkildə ifadə olunur ki, heç nə anlaşılmır. Bu istiqamətdə nə qədər tələbkarlıq göstərsək, bir o qədər yaxşı nəticə əldə edərik".

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsində iştirak edib. O bildirib ki, Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur:"Qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır. Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər?".