Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər. Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.
Qeyd edək ki, əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Yeni yaradılan komanda hissələrinin Xüsusi Təyinatlı Qüvvələr (XTQ) üçün kadr potensialı formalaşdırdığını söyləyən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a çatdırıb ki, keçirilən təlimlər Prezident İlham Əliyevin Azərbaycanın səbrinin tükənməsi barəsində verdiyi bəyanatların davamı kimi dəyərləndirilməlidir:
"Komanda hissələri iəl XTQ arasındakı fərq var. Komanda birlikləri Quru Qoşunlarının döyüş potensialını artırmaq məqsədi ilə yaradılıb.
XTQ isə Azərbaycan respublikasının Müdafiə Nazirliyinin birbaşa tabeliyindədir. Onlar sırf Ali Baş Komandan və Müdafiə Nazirinin vəzifələrini yerinə yetirirlər.
Azərbaycan tərəfi təlimlərdə icra olunan tapşırıqları yerinə yetirməklə yaxın zamanlarda rusların müvəqqəti nəzarəti altında olan ərazilərindən erməni silahlı dəstələrini zərərsizləşdirmək üzrə əməliyyat keçirməyə hazır olduqlarını nümayiş etdirir.
Bunu həm Ermənistana, həm də sülhməramlı kontingentin komandanlığına Qarabağ ərazisindəki erməni yaraqlılarının zərərsizləşdirilməsi üçün, əməliyyatların keçiriləcəyinə dair ismarış hesab etmək olar".