Azərbaycan və Macarıstan bir-birinə çox bənzəyir

Hər iki ölkə Avropanın yüksələn dəyəri kimi tanınır

  Azərbaycan-Macarıstan əlaqələri inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Macarıstana səfəri, heç şübhəsiz, iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərəcək. Macarıstan Avropa İttifaqının və NATO-nun üzvüdür. Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətlər Təşkilatına üzv olmağı planlaşdırması bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini göstərir. Azərbaycanla Macarıstan arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıq olub. 

Hazırda Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən Avropa qitəsində enerji təhlükəsi məsələsi aktualdır. Qitə ölkələri müxtəlif yollarla problemdən çıxış imkanları axtarırlar. Keçən ilin sonlarında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi Macarıstan daxil 5 Avropa ölkəsinin Azərbaycan qazını idxal etmək imkanlarını artırıb. Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması həmin ölkələr üçün enerji təhlükəsizliyini təmin etməsi, Azərbaycan üçün də bazarların genişləndirilməsidir. Azərbaycanın enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da indiki zamanda öz bəhrəsini verir. Azərbaycan-Macarıstan münasibətləri təkcə enerji sahəsini əhatə etmir. Ümumiyyətlə, Azərbaycan enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsinin də inkişafında və bu istiqamətdə əməkdaşlıqda da maraqlıdır. Elə ona görə də Macarıstanla qurulan münasibətlərimizə siyasi, iqtisadi və digər sahələr də daxildir.

  Politoloq Tural İsmayılov deyib ki, Prezident İlham Əliyevin Avropaya səfərləri, Albaniyada, Serbiyada verdiyi mesajlar və sonuncu olaraq, Macarıstana rəsmi səfər ölkəmizin Mərkəzi və Şərqi Avropada böyük təsir imkanları formalaşdırdığını göstərir. Ekspertə görə, Azərbaycan-Macarıstan əlaqələri təkcə bu gün üçün deyil, gələcək üçün də vacib əhəmiyyətə malikdir:

 "Dövlət başçısının Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq. Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün mühüm əhəmiyyətə malikdir. Əlaqələrin dərinləşməsi iqtisadi layihələrin də sayının çoxalmağına səbəb olacaq. Bundan isə ölkə büdcələri yeni daxilolmalar fonunda zənginləşəcək. Azərbaycan və Macarıstan həm də bir çox baxımdan bir-birinə bənzəyir. Hər iki ölkə Avropanın yüksələn dəyəri kimi tanınır. Macarıstan 10 milyonluq əhalisi ilə öz coğrafi mövqeyinə görə vacib nöqtəni ehtiva edir ki, Azərbaycan da bu baxımdan öz regionunda Macarıstandan fərqli deyil. Avropada müşahidə edilən ümumi kataklizmlərə rəğmən Macarıstanın iqtisadi və sosial inkişafı danılmazdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Belə bir ölkənin Azərbaycanla tərəfdaşlığı Azərbaycan məhsulları üçün də fərqli imkanlar yaradır". 
  Analitik qeyd edib ki, Azərbaycan və Macarıstan bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, İƏT-də, BMT-də, TDT-də, İKT-də və sair təşkilatlarda fəallığı bir çox qlobal problemlərin həllinə rəvac verir. Macarıstan isə Avropa İttifaqının üzvü kimi öz regionunun inkaredilməz güc mərkəzlərindən birini formalaşdırır. Macarıstanın BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası kimi təşkilatlarda fəallığı Azərbaycanın maraqlarının beynəlxalq müdafiəsində bizə mühüm dəstək qazandırır". 
  T.İsmayılova görə, Macarıstanın potensialı və Azərbaycanın inkişaf edən geostrateji əhəmiyyəti qlobal anlamda da pozitiv dəyişikliklərə səbəb olacaq: "Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra dünyada mövqelərini daha da möhkəmləndirdi. Ölkəmizdə həyata keçirilən rasional siyasət kursu, uğurlu islahatlar, ölkəmizin geopolitik mövqelərinin daha da qüvvətlənməsi Azərbaycanın siyasi imkanlarına böyük töhfələr verir. Prezident İlham Əliyevin Avropaya səfərləri, Albaniyada, Serbiyada verdiyi mesajlar və sonuncu olaraq, Macarıstana rəsmi səfər ölkəmizin Mərkəzi və Şərqi Avropada böyük təsir imkanları formalaşdırdığını göstərir".