Azərbaycan və İsrail generalları nəyi müzakirə etdilər? – “Ölkəmizə təhlükə olmayacaq”

Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Telefon danışığı israilli nazirin təşəbbüsü ilə baş tutub.

Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.
General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Həmçinin fevral ayının 1-də Azərbaycanın DSX rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub.

Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.
Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Telefon danışığının gizlinlərini “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı söyləyib ki, son hadisələr fonunda DSX və Müdafiə Nazirliyinin İsrail MN ilə əlaqədə olması heç də təsadüfi deyil:

"Bunu məqsədyönlü şəkildə atılan addımlardan sayılmalıdır. Hadisələr isə İsrail və Azərbaycanı ortaq düşmən məfhumunda birləşdirir. İndiyə qədər hər iki ölkə sadəcə tərəfdaş idilərsə, bu gündən etibarən artıq ortaq düşmənləri var. İranı özümüzə düşmən hesab etmək üçün xeyli səbəblərimiz var. Səfirliyimizə  olan hücum bunu bir daha sübut etdi. İsrail və İran isə yarandığı ilk vaxtlardan düşmən münasibətdədir".

Ekspert qeyd edib ki, görüş bizə tərəflərin regional məsələlərdəki riskləri dəyərləndirməyə çalışdıqlarını deməyə imkan verir:

"Yəni hansısa ciddi risk olarsa, necə koordinasiya olunacağı müzakirə oluna bilər. Digər tərəfdən “Azərbaycanı hansısa böyük təhlükə gözləyir” yanaşması düzgün deyil. Çünki Azərbaycan həm ordu, həm də arsenalındakı texnikalar baxımından güclü ölkədir. Həmçinin Bakının etibarlı beynəlxalq tərəfdaşları  mövcuddur. O “Şuşa bəyannaməsi”nə əsasən  Türkiyə kimi bir ölkənin hərbi dəstəyinə arxalana bilər. Bunlar bizə deməyə imkan verir ki, Azərbaycan hansısa ciddi təhlükə ilə üz-üzə qalmayacaq. Kimsə buna cəhd edərsə, anında adekvat qarşılıq veriləcək. Bu qarşılıq isə təkcə Bakıdan yox, həm də Ankara və Təl-Əvivdən göstəriləcək".