“Bu, Kremldə ciddi şəkildə narahatlıq doğurur”
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığı zamanı Qarabağ ətrafındakı mövcud vəziyyət müzakirə edilib, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların bütün kompleksinin ardıcıl icrasının vacibliyi vurğulanıb.
Həmçinin, söhbət zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə də toxunulub.
Danışıqlara münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a vurğulayıb ki, Azərbaycan prezidentinin Davosdan başlayan və orta dəhlizlə bağlı olan mesajları var:
“Bu diplomatik platformalarda Prezident sülh müqaviləsi, Zəngəzur dəhlizi və.s mövzularda bəyanatlarla çıxış edib. Əlbəttə ki, proseslər Ermənistan üçün ciddi xəbərdarlıq niyyəti daşıyırdı. Gedişat ölkə başçısının təmsil edildiyimiz beynəlxalq təşkilatlar həm müharibə, həm də sülh senarisinə hazırladığını göstərir. Yəni Azərbaycan müharibə edərsə, dünya ona hansı reaksiya verəcəyini ölçür. Bu mənada artıq Ermənistanın yeni istiqamət dəqiqləşdirmələrinə ehtiyacı yaranır.
Yəni rəsmi İrəvan rəsmi Moskva ilə fikir mübadiləsi həyata keçirir. Digər tərəfdən Qərbin keçmiş hərbçilərindən ibarət 200 nəfərlik agenturanın Ermənistana gəlməsi, Rusiya ilə Ermənistan arasında növbəti böhranlı vəziyyətə start verir. Paşinyanın anti-Rusiya mövqeyində israr etməsi və ölkəni Qərbin poliqonuna çevirməsi Kremldə ciddi şəkildə narahatlıq doğurur.
Düşünürəm ki, danışıqlar rəsmi Moskvanın reaksiyasını müəyyən etmək üçün baş tutub. Həmçinin Laçın-Şuşa yolunun da ayrıca müzakirə edildiyini düşünmək olar".