Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.
İran mediası isə Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir.
Hətta Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin yardım təklifini də geri çevirib.
Qeyd edək ki, yanvarın 18 və 28-də İranın, əsasən, azərbaycanlıların yaşadıqları Xoy əyalətində zəlzələ baş verib.
Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, üç nəfər ölüb. Təbii fəlakətdən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökuməti soydaşlarımıza heç bir yardım göstərmir. Minlərlə ailə kəskin soyuq və qarlı hava şəraitində çöldə gecələyir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır. Xəstəxanalarda tibbi heyət və dərman çatışmazlığı var. Bu səbəbdən də xəstə qəbulundan imtina olunur.
Bu soyuqda Xoy ərazisində günlərdir insanların əziyyət çəkdiklərini deyən Türkiyədə yaşayan güney azərbaycanlı siyasi şərhçi
Məhsa Mehdili "Sherg.az"a bildirib ki, İran mərkəzi hakimiyyəti Qaradağ zəlzələsində etdiyi kimi, yenə hər məsələyə laqeyd yanaşır:
“Onlar hətta gələn yardımların belə qabağını kəsməyə çalışırlar. İranın daxilində milli fəallarımızın şəxsi hesablardan kömək toplayaraq, Xoya çatdırmasına belə maneələr törədilir".
Xanım analitikin sözlərinə görə, Azərbaycan və Türkiyədən gələn yardımların rəsmi Tehran tərəfindən qəbul edilməməsi ilk deyil:
"Cənubi Azərbaycan bölgələrinə xüsusilə Azərbaycan və Türkiyədən gələn kömək bu günə qədər hər zaman geri göndərilib. Çünki bu ölkələrdən gələn dəstəyin Cənubi Azərbaycan üçün başqa önəmi var.
Şimali Azərbaycandan gələn yardımlar xalqımızda milli şüurun oyanmasına və Azərbaycana qarşı sevginin daha da çoxalmasına səbəb olur. Yəni bu bir sevgi körpüsüdür. Mən buna qardaşlıq demirəm.
Ona görə ki, Azərbaycanın cənubu ilə şimalı birdir. Gələn köməklər birlik və öz olma körpüsüdür. Bu səbəblə də Tehran hakimiyyəti maneələr yardımların çatdırılmasına maneələr törədir".