Rumıniya prezidentini Bakıya gətirən səbəblər... - ŞƏRH

"Rumıniya prezidentinin Azərbaycana rəsmi səfərinin aparıcı ideyası fevralın 3-də keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarıdır".
Bunu "Sherg.az"a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə diqqət çəkib:
"Ölkə başçısı deyib ki, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək. Hazırda Avropada enerji təhlükəsizliyi ilə bağlı ciddi problemlər müşahidə edilməkdədir. İndiki məqamda Azərbaycan Avropa Birliyi (Aİ) xətti ilə Avropanın əsas enerji təchizatçılarından biridir. Bu mənada balkan ölkələri, eyni zamanda tərəfdaş kimi sözügedən iclaslarda iştirak edən Rumıniya Azərbaycanla enerji sazişi imzalamağın arxasınca gəlib. 

Bununla Klaus Yohannisin əsas məqsədi öz ölkəsinin enerji təhlükəsizliyində Azərbaycanın böyük rol oynamasına nail olmaqdır. Bu gün həm pandemiyadan sonra, həm də xüsusilə, ikinci qlobal fırtına dönəmində (Rusiya-Ukrayna müharibəsi) ölkələrin iqtisadi artıma ehtiyacları, təhlükəsizlik qayğıları, dayanıqlı inkişaf problemləri, iqlim dəyişikliyi kimi ciddi problemlər var. Bütün bunları karbohidrogen resurslarının istehsalçısı olan Azərbaycanın sayəsində müəyyən dərəcədə həll etməyə çalışırlar. Bildiyimiz kimi, haqqında danışdığımız ölkənin şərqində Qara dəniz yerləşir. Əminəm ki, Türkiyə ilə yanaşı, Qara dəniz hövzəsi ölkələrinin -  Rumıniya, Bolqarıstan, İon dənizi üzərindən Yunanıstan, İtaliya, həmçinin Şərqi və Mərkəzi Avropaya doğru Çexiya, Macarıstan ölkələri bu qəbildən olan tərəfdaşlardır. Heç şübhəsiz ki, Cənub Qaz Dəhlizinin Azərbaycanın enerji siyasətində ən vacib yeri tutması və beynəlxalq enerji layihəsi hesab edilməsi Rumıniya prezidentini Bakıya gətirən səbəblərdəndir".

Qeyd edək ki, Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.