XİN sözçüsü düz deyir:“İran polisi terrora göz yumub”

"Azərbaycanın İrandakı səfirliyində baş verən silahlı terror hadisəsindən sonra fərqli fikirlər səsləndirilməkdədir".
Bunu "Sherg.az"a "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib. Ekspertin sözlərinə görə, sübutların olduğu kameraların ortaya qoyulması və məsələnin dəqiq araşdırılması vacibdir:

"Əlbəttə ki, İran tərəfi məsələ üzərində bir çox spekulyasiyalar etməyə başladı. Guya ki, hadisə ailə münaqişəsi və s. kimi zəminlərdə yaşanıb. Amma həm video kadrlar, həm də hadisə şahidlərinin verdiyi ifadələrdən də məlum olur ki, bu, heç də ailə münaqişəsi zəminində deyil. Məhz birbaşa planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilən terror hadisəsi kimi dəyərləndirilir.

 Nəzərə almaq lazımdır ki, Azərbaycan XİN-i bununla bağlı kifayət qədər ətraflı məlumata malikdir. Qurumun sözçüsü Ayxan Hacızadənin də bildirdiyi kimi, baş verən hadisə əvvəlcədən planlaşdırılıb. Kamera görüntülərindən də aydın olur ki, səfirliyin önündəki polis məsələyə ümumiyyətlə müdaxilə etmək niyyətində deyil. Terrorçu da həmin əraziyə "soxulan" zaman İran polisi heç bir hərəkət etmir. Əksinə, terrorçunun əl işarəsindən məlum olur ki, onların arasında bir danışıq olub. 

Həmin əraziyə 20 dəqiqə ərzində İran polisinin gəlməməsi hadisənin planlaşdırıldığının sübutudur. Əlbəttə ki, “Kalaşnikov” avtomatı ilə əraziyə basqın edilməsi orada daha çox qətl törətmək istəyindən xəbər verir. Amma cəsur mühafizə xidmətimiz bunun qarşısını alıb. 

Hesab edirəm ki, A.Hacızadənin verdiyi məlumat əslində tam həqiqətə uyğundur. XİN tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq, ortaya çıxıb. Yalnız inandığımız və etibar etdiyimiz dövlət qurumu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi olmalıdır. XİN-in verdiyi məlumat tam şəkildə həqiqəti əks etdirir".

Qeyd edək ki, İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılarkən onunla cinayətkar kimi rəftar edilməyib. İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ötən gün keçirdiyi brifinqdə bildirib.