"Müdafiə Nazirliyinin tabeliyində olan birlik və birləşmələrdə döyüş hazırlığı tədbirləri 6 aylıq tədris planlarının əsasında həyata keçirilir".
Bunu "Sherg.az"a hərbi ekspert Elxan Şıxəliyev Azərbaycan Ordusunun bölmələrinin döyüşə hazırolma qabiliyyətinin məşq etdirilməsidən danışarkən deyib. Onun sözlərinə görə, döyüşə hazırlıq səviyyələrinin yoxlanılması tədbirləri bütün hərbi hissələrdə reallaşdırılacaq:
"Döyüşə hazırolma tədbirləri bölmələrin gözlənilmədən "həyəcan" siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlayır. Sonradan şərti tapşırıqlarla onların döyüş tapşırıqlarını yerinə yetirməyə nə qədər hazır olduqları üzərindən məşqlər etdirilir.
İndiki mərhələdə Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə və hərbi hissələrdəki bölmələrin ən yüksək döyüş hazırlığı qurumun bir nömrəli tələbidir.
Çünki hələ coğrafiyamızda təhdid və təhlükələrimiz tamamilə neytrallaşmayıb. Xüsusən də, hazırda Qarabağdakı qeyri-qanuni birləşmələrin zərərsizləşdirilməsi, antiterror əməliyyatlarının həyata keçirilməsi nəticəsində onların bölgədə sıfırlanması tapşırığı qarşıda durur. Digər tərəfdən ermənilər revaşist bəyanatlarını davam etdirirlər. Həmçinin təxribat törədə bilərlər. Bu məşqlər Ermənistanla olan sülh sazişinin imzalanmaması müddətində baş verə biləcəkləri əngəlləməyə yönələn Silahlı Qüvvələrimizin əsas tapşırıqlarından biri sayılır. Bununla yanaşı, artıq İranın təhdid və təhlükələri də mövcuddur.
Əvvəl təhlükəni təkcə Ermənistandan gözləyirdiksə, artıq İran da əlavə olundu. Deməli, Azərbaycan Silahlı Qüvvələri hər zaman ən yüksək səviyyədə döyüş hazırlığına malik olmalıdırlar. Bunun da yolu təlim və məşqlərdən keçir. Ordumuzun hərbi təlimlərdə iştirakı mütəmadi olaraq həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə bərabər təlimlərin gerçəkləşdirilməsi bu il üçün də nəzərdə tutulub. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin sülh sazişi imzalamadığı müddətə qədər əsas döyüş tapşırıqlarına hazırlıq işləri görülməlidir".
Qeyd edək ki, Rusiya yaxın aylarda Ukraynaya genişmiqyaslı həlledici hücuma hazırlaşır. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilib. Analitiklər bildiriblər ki, Qərb, Ukrayna və Rusiya mənbələrinin məlumatları bunu göstərib. O da vurğulanıb ki, ISW əvvəllər belə proqnozla çıxış edib.