Rəsmi İrəvan anlayır! – “Ermənistanın yaşamaq şansı ancaq...”

“Ermənistanla Türkiyə arasında danışıqlarda müəyyən irəliləyiş var”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan almaniyalı həmkarı Annalena Burbok ilə Berlində keçirilən birgə brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması barədə müzakirələr aparılır.
Nazir qeyd edib ki, proses bir qədər ləng templə getsə də, müsbət irəliləyişlər var və bu, yaxşıdır.

“Bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər, bu isə növbəti müsbət addımdır. İrəvan ümid edir ki, proses daha da əhəmiyyətli nailiyyətlərlə davam edəcək”, - deyə o bildirib.

Ermənistanın sülh prosesinə doğru bir neçə müsbət addım atdığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, bu ləng getsə də, işlər görülür:

"Məsələn Türkiyə ilə sərhədlərin açılması və hava nəqliyyatında yüklərin daşınması ilə bağlı razılaşma, həm Paşinyanın Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verməsi, həm də yardım göndərə biləcəyini deməsi Ermənistan tərəfinin münasibətləri bərpa etməyə açıq olduğunu göstərir. Yəni rəsmi İrəvan anlayır ki, 80 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistanın yaşamaq şansı ancaq bu ölkələr ilə qonşuluq münasibətləri qurmaqla mümkündür. 

Digər tərəfdən Azərbaycan və Türkiyə ilə ticari əlaqələrin qurulması Ermənistan əhalisinin rifahının yüksəldilməsi və iqtisadiyyatın inkişafı üçün də önəmli meyardır. Həmçinin nəqliyyat dəhlizinin açılması İrəvanın tranzit yük daşınmasından gəlir əldə etməsi deməkdir. Bunu isə Ermənistanda da başa düşənlər var.  

Lakin prosesə iki məsələ mane olur. Birincisi, Rusiya faktorudur. Kreml bölgədə sülhün olmasını və Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Çünki müharibə nəticəsində region öz ordusunu yeridirək hər iki tərəfə təzyiq edə bilir. İkinci məsələ isə  Ermənistandakı cinayətkar keçmiş “Qarabağ klanı” və onu dəstəkləyən şəxslərdir. Sözügedən diaspor Ermənistanın Türkiyə və Azərbaycanla sülh bağlamasını istəmir. Onların hər birinin öz şəxsi marağı var".

Analitik qeyd edib ki, “Qarabağ klanı” Türkiyəyə yaxınlaşmasından siyasi səhnədə istifadə edərək Paşinyanı xain adlandırır:

"Onlar bununla Ermənistan baş nazirini nüfuzdan salmağı və hakimiyyəti yenidən öz əllərində cəmləşdirməyi planlanlaşdırırlar. Yəni siyasi revanş götürməyə çalışırlar. Ümumiyyətlə, diaspor öz varlığını türk düşmənçiliyinə borcludur və düşünür ki, Azərbaycanla Ermənistan barışarsa, onların görəcəyi heç bir iş qalmayacaq. Bütün bunları nəzərə alan Paşinyan hakimiyyəti isə addımlarını ehtiyatlı şəkildə atır. Yəni burada Rusiya, müxalifət və diaspor xofu var. Lakin rəsmi İrəvanın son addımları müsbətdir. 

Biz ən azından sərhədlərin delimitasiya və demarkasiyasını yekunlaşdıra bilsək, bir addım irəli atmış hesab edilərik. Bundan sonra bizim Ermənistanla Qarabağ məsələsi xaric heç bir mübahisəli problemimiz qalmır. Hətta Paşinyan hakimiyyəti vaxtaşırı daxili müxalifətə qarşı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna dair açıqlamalar verir. 

Yəni Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu tanıyırlar. Lakin orada yerləşən ermənilərin gələcək taleyi ilə bağlı sual ayrılıqları yaranır".