Belə halların qarşısını almaq üçün cəzalar bir az da sərtləşdirilməlidir
"Dünyanın hər yerində narkotikin təsiri altında avtomobil idarə edən şəxslərə rast gəlmək mümkündür".
Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib. Onun sözlərinə görə, sürücülərin narkotikin təsiri altında və ya alkoqollu içkilər qəbul edərək, avtomobil idarə etməsi xüsusi cihazlarla müəyyən olunur:
"Narkotik şübhəsi olduqda isə həmin şəxslər narkoloji müayinədən keçirlər. Əfsuslar olsun ki, belə hallarda yalnız İnzibati Xətalar Məcəlləsinin 330.1 maddəsi icra edilir. Bu da sürücülər üçün 400-500 manat məbləğində cərimə, 6 ay müddətində sürücülük hüququndan məhrumetmə və 5 bal tətbiq olunur. Bəzən sözügedən cəzalar 1 il müddətinə qədər də uzadıla bilər".
Ekspertin qənaətincə, daha çox əhalinin varlı təbəqəsi qaydalara riayət etmir:
"Ailə büdcəsinə 500-1000 manat civarında məbləğin təsiri olmayan vətəndaşlar və ya övladları daha çox qanunsuzluq edirlər. Belə halların qarşısını almaq üçün cəzalar bir az da sərtləşdirilməlidir. Mübarizə metodu yalnız reydlərin mütəmadi şəkildə həyata keçirilməsi və Dövlət Yol Polisi İdarəsinin (DYP) gücləndirilmiş iş rejimləri ilə mümkündür".
Qeyd edək ki, narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.