İtaliya Azərbaycanın enerji tərəfdaşı olaraq qalmaqdadır


"Qarşıdakı illərdə  isə Avropaya və İtaliyaya Azərbaycan qazının nəqlinin artırılması nəzərdə tutulur"


“Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik”.

Bunu Prezident İlham Əliyev  “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib:

“Bugünkü mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik. Əlbəttə ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Bildirməliyəm ki, “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.

"Enerji bundan sonra da strateji mövzu olaraq qalacaq və İtaliya, öz növbəsində, Azərbaycanın enerjiyə keçid prosesində iştirak etmək istəyir".

Bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bu gün Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı iştirak edərkən bildirib.
“Əlbəttə ki, bərpaolunan enerji sahəsində layihələrə - günəş və külək enerjisinə gəldikdə, sizin layihələrdə iştirak etmək istərdik və beləliklə, bütöv regionu əhatə edəcək həmin bu enerji imkanlarına öz töhfəmizi verə bilərik”, - deyə italiyalı nazir bildirib.

O qeyd edib ki, öz bacarıqları və təcrübəsi ilə İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaq: “Həyata keçiriləcək əməkdaşlığa gəldikdə, əminik ki, biz, həmçinin digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında sizinlə işləyə biləcəyik. Biz sizin tərəfinizdəyik, istərdik ki, Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək”.


Məsələni "Sherg.az"a dəyərləndirən politoloq Zaur Məmmədov bildirib ki, son illərdə əldə edilən iqtisadi və siyasi nailiyyətlər, bizə Azərbaycan və İtaliya arasındakı münasibətlərin yaxşı olduğunu deməyə imkan verir:

"İki ölkə arasında strateji tərəfdaşlıq qurulub. Bunun da nəticəsində Avropa İttifaqı ölkələri içərisində Azərbaycan-İtaliya arasındakı əlaqə əsl dostluq münasibətləri kimi xarakterizə edilə bilər. Baxmayaraq ki, Azərbaycan təbii qazının İtaliyaya nəql edilməsi üçün bir sıra maneələr var idi. Hətta Avropada bəzi qüvvələr iki dövlət arasındakı münasibətlərə xələl gətirmək üçün əllərindən gələni edirdilər. 

Buna rəğmən ölkə rəhbərliyi başa düşür ki, Azərbaycan və İtaliya biri-birinə qarşılıqlı şəkildə faydalı ola bilər. Bunun da nəticəsində biz İtaliya-Azərbaycan əlaqələrindən danışarkən çox müsbət tonda qeydlər edə bilirik. 

Bildiyiniz kimi 2019-cu ilin sonundan etibarən "TAP" vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlanılıb.  Ümumiyyətlə, Qoca Avropada İtaliya Azərbaycanın ən mühüm enerji tərəfdaşı olaraq qalmaqdadır. 

Qarşıdakı illərdə  isə Avropaya və İtaliyaya Azərbaycan qazının nəqlinin artırılması nəzərdə tutulur".