“Hansı sosial şəbəkələrin ölkədə rəsmi nümayəndəlikləri varsa, orada sosial platformaların idarəçiliyində problemlər qismən az olur”
"Sosial media ilə bağlı problemlər təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur".
Bunu "Sherg.az"a internet-media eksperti Səbuhi Abbasov Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da eyni faciənin yaşanması ilə bağlı sosial şəbəkələrdə yayılan qeyri-dəqiq, həqiqət payı olmayan informasiyalarla bağlı danışarkən deyib. O diqqətə çatdırıb ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Tviter bir neçə günlük bağlandı:
"Məqsəd dezinformasiyaların yayılması, əhalinin panikaya sürüklənməsi, mövcud vəziyyətin daha da qəlizləşdirilməsinə hesablanan addımların atılmasının qarşısını almaq üçün idi. Azərbaycanda isə sözügedən məsələ ilə bağlı dəfələrlə problem yaşanıb. Hətta Aprel döyüşləri, daha sonra 44 günlük Vətən savaşı müddətində xüsusən də, “TikTok” sosial şəbəkəsində dezinformasiyaların yayılmasının şahidi olurduq. Bəzən hüquq-mühafizə orqanları, əsasən də, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) mövcud problemlərlə məşğul olmadığı barədə iddialarla qarşılaşırıq. Məsələn, Feysbuk sosial platformasının təxminən 2 milyona yaxın istifadəçisi var. Digər sosial şəbəkələrdə təqribən bu rəqəm milyondan çoxdur. Ona görə də hüquq-mühafizə orqanlarının bütün istifadəçiləri tək-tək izləməsi, onlarla bağlı müəyyən tədbirlər görməsi qeyri-mümkündür.
Azərbaycanda hazırda ən böyük problem informasiya təhlükəsizliyidir. Cənab Prezident İlham Əliyev bununla bağlı dəfələrlə sərəncam imzalayıb. Lakin icra edilməsində ciddi problemlər var. Yeganə məsul qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Ancaq indiki şəraitdə nəinki informasiya və internet təhlükəsizliyini təmin etmək, heç bu istiqamətdə tədbirlər də görülmür.
Ona görə də prosesə digər qurumlar qoşulmalıdır. Müəyyən fors-major situasiyalarda sosial şəbəkələrin cəmiyyətə vuracağı ziyanı minimuma endirmək üçün qabaqlayıcı addımlar atılmalıdır. İlk növbədə, həmin şəbəkələrə girişin bəlli bir müddətə qədər bloklanması, bağlanması vacibdir. Eyni zamanda müəyyən məsələlərdə süzgəclər tətbiq edilə bilər".
Mütəxəssis vurğulayıb ki, hansı sosial şəbəkələrin ölkədə rəsmi nümayəndəlikləri varsa, orada sosial platformaların idarəçiliyində problemlər qismən az olur:
"Məsələn, yenə də qardaş Türkiyədən nümunə göstərə bilərik. Orada Tviterə məhdudiyyət qoyulan kimi adıçəkilən şəbəkə rəsmi açıqlama verdi. Amma Azərbaycanda təəssüf ki, heç bir sosial şəbəkənin rəsmi nümayəndəliyi olmadığına görə bu məsələlərin idarə edilməsində ciddi problemlər yaşanır".
S.Abbasovanın qənaətincə, məlum məsələnin həlli üçün Qeyri-Hökumət Təşkilatları (QHT) və Kütləvi İnformasiya Vasitələri (KİV) - televiziya, radio, qəzet və saytlar da daxil olmaqla ciddi maarifləndirmə işləri aparmalıdır:
"Sosial şəbəkələrin açılmamaq üzrə qapadılması isə dövlətin imicinə müəyyən qədər zərər gətirə bilər. Ona görə də elə tədbirlər görülməlidir ki, sosial şəbəkə sahibləri Türkiyədə olduğu kimi, Azərbaycanda da dezinformasiyaların, cəmiyyətdə çaşqınlıq yaradan məlumatların yayılmasının qarşısını birbaşa elə həmin şirkət hesabına alsınlar".
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra sosial şəbəkələrdə dezinformasiyalar yayılır. Bəzi "mütəxəssislər" reytinq xatirinə Azərbaycanda da zəlzələ olacağını deyərək, insanlarda təşviş yaradırlar. Əsasən də, TikTok sosial platformasında belə dezinformasiyalara tez-tez rast gəlirik. Səhhətində problem olan şəxslər isə yanlış məlumatlara inanır, təsirlənir və panikaya düşürlər.