Niyazi Mehdi:“Türkiyə türkcəsini Azərbaycan dövlət dili kimi qəbul etməklə oxucuların sayına nə kimi təsiri ola bilər?!”
Aqşin Yensiey: “Otuz il ərzində öz uşaqlarınıza dilinizdə bircə dənə "Maşa və Medved" kimi cizgi filmi çəkməyibsinizsə, inciməyin”
Kəramət Böyükçöl:“Bir başqası da durub deyəcək ki, Azərbaycanda 300-dən çox rus məktəbi var. Gəlin dövlət dilini rus dili edək”
"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Feysbuk hesabında Azərbaycan dili ilə bağlı mübahisəli fikir irəli sürüb. Naşirin fikilərinin məğzini təqdim edirik:
“Təhsilimizi və ədəbi dilimizi dəyişməliyik. Cümhuriyyət yarananda dilimizin adı türk olub, kitablarımız türkcə çıxıb. Bəs indi niyə gerçək dilimizə sahiblənmirik?
Cənubda 30 milyon Azərbaycan türkü olduğunu deyirik. Tehran kitab səgisində olanda şahidi oldum ki, onlar da türkcə kitab oxumağa üstünlük verirlər, Türkiyə filmlərinə baxırlar. Onlara azad seçim imkanı verilsə, 99 faizi təhsil üçün Türkiyəyə gedər. Sabah muxtariyyət hüququ qazansalar, Türkiyə-Atatürk türkcəsini seçəcəklər, Azərbaycan türkcəsini yox. Ona görə ki, bizim türkcədə ağlabatan heç nə yoxdur. Bu dildə nə hüquq sistemi quruldu, nə səhiyyə, nə də təhsil. Kitab oxuyan da yoxdur.
Çoxu deyir ki, ortaq türk dili olsun. Bu, sadəcə ədabazlıqdı. Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik. Əslində, müasir türk əlifbasının müəlliflərindən biri elə Mirzə Fətəli Axundovdur. Axundov əlifbasının qəbulu, həm də o irsə sahiblənmək deməkdir.
Əgər dilimizin adı Azərbaycanda yaşayan digər xalqlara daha tolerant münasibətlə bağlıdırsa, axı onlar da təhsil, səhiyyə və biznes üçün Rusiya və Türkiyə üz tuturlar. Onlar da mədəni görünmək üçün rusca, yaxud türkcə danışırlar.
Məhəlli türk şivəsindən həqiqi türkcəyə, Türkiyə türkcəsinə keçməyin zamanıdır. Bəlkə də gecikirik.
Türkcəni qəbul etməklə görün, nə qədər üst-üstə yığılmış problemlər həll olacaq.
Həmişə düşünmüşəm yaxşı olacaq, dilimiz inkişaf edəcək”.
Sözügedən təkliflə bağlı "Sherg.az"a danışan filosof, tənqidçi Niyazi Mehdi qeyd edib ki, Ş.Xuduoğlu ilə dostdur, amma bu təklifini yaxşı qarşılamır:
" Türkiyə türkcəsini Azərbaycan dövlət dili kimi qəbul etməklə oxucuların sayına nə kimi təsiri ola bilər?! Belə olarsa, Azərbaycan sənədləri də türk dilində yazılacaq. Amma inanmıram ki, Şahbaz bəy bunu nəzərdə tutub. Ola bilər, naşir təklifinin başqa imkanlar açacağını və nəticədə oxucuların sayının artacağını düşünür".
Yazıçı, şair, publisist Aqşin Yeniseyin qənaətincə isə, məlum təklif xilas yolu deyil:
"Bu mədəni səviyyə ilə dövlət dili UNO-ların dili də olsa, 6-7 ildən sonra onu da dilimizin indiki halına salacağıq. XII əsrdə ərəb dilinin lüğəti 26 cild olub. Həmin dövrdə türk dilində 10 min, farsca 250 min söz vardı. O dövrdə ərəb dili müsəlman Şərqində elm, fəlsəfə, fars, şeir dili idi. Yaxşı, sən dilini ərəb sözlərindən təmizlədin, yerinə nə qoydun?! Ərəb sözlərini öz dilindən çıxartmaqla, həm də öz dilini elmi, fəlsəfi anlayışlardan təmizlədin axı. Dilimizi Şərqdən qoparanlar, onu Qərbə yapışdırmalı idilər. Amma nə etdilər?! - yazılı dili xəlqiləşdirdilər.
Azərbaycan yazılı dilinin ən böyük faciəsi xəlqilikdir. Onun mühafizəkarlığı da bu bədbəxtlikdən doğur".
A.Yenisey vurğulayıb ki, bu gün ingilis dili elm, texnika dili olduğuna görə yox, dünya xalqlarının dillərinə açıqdır və başqa dillərdən ən çox söz aldığı üçün dünyəvidir:
"Sıravilər bir yana, Azərbaycanda ziyalılar yazılı dilə mühafizəkar yanaşır. Yazılı dilimizin üzərinə qoyulmuş xəlqilik onun təsir dairəsini ailə mühiti ilə məhdudlaşdırır. Dilimiz mədəniyyətin deyil, arvad-uşağın namını çəkməlidir. Öz dilinə yorğanın altından baxan xalqın dili inkişaf edə bilərmi?! Son günlər İlbər Ortaylının "Azərbaycan türkcəsi dilimizin (Anadolu türkcəsinin) gəncliyidir" fikrini çoxları Azərbaycan türkcəsinə verilən dəyər kimi paylaşır. Bir dilə "gənc" deyirlərsə, o dilin mənsubları bundan qürur deyil, utanc duymalıdırlar. "Gənc dil" nə deməkdir? Yəni o dildə hələ kamilləşmə prosesi getməyib, "həyatı" səhvlərlə doludur. "Gənc dil" fikri dolğun ifadə edə bilməyən dil deməkdir. Adıçəkilən söz birləşməsi ilə böyük mətləbləri izah etmək olmaz.
Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil “langue” və Nitq “parole”. Nitq danışma aktı, fərdi, xətti mexanikidir. Dil isə nitqin daxili aləmi, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi, dil yazılıdır. Danışa bildiyin nitqin, yaza bildiyin dilindir. Bir dilin "gəncliyi" onun şifahi mərhələsidir. Azərbaycan türkcəsi məhz bu mərhələdə ilişib qalıb. Nitq (söz) mərhələsindən, dil (anlayış) dövrünə keçə bilməyib. Çünki sovet ideoloqları Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər. Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq, elitarlaşıb, folkloru diriltdilər. Funksionallığını itirmiş həqiqətlərlə funksionallığı olmayan bir dil yaratdılar. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı. Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Hazırda hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus dilinə, Anadolu türkcəsinə "şığıyır" ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur".
Yazıçı həmçinin əlavə edib ki, çağın ölçüləri ilə yanaşsaq, əslində, indi ölü bir dilə sahibik:
"Dünyada şifahi dili olmayan elə bir xalq yoxdur. Amma yazılı dili olan cəmi 78 xalq var.
Beynəlxalq ədəbi mühitdə artıq belə fikir hakimdir ki, bir roman ingiliscə yazılmırsa, bəri başdan roman deyil, ona vaxt ayırmaq olmaz. Çünki çağı ifadə edən əsas dil ingiliscədir. Dilimiz "gənc" olduğu üçün bugünkü vaxtı ifadə etmək imkanlarından məhrumdur. İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub. Texnologiya zamanında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, kiber uzmanlar yaradır. Otuz il ərzində öz uşaqlarınıza dilinizdə bircə dənə "Maşa və Medved" kimi cizgi filmi çəkməyibsinizsə, inciməyin. Öz vətəninizdə başqa millətlər üçün uşaq böyütmüsünüz".
Yazıçı Kəramət Böyükçöl qeyd edir:
“Naşir Şahbaz Xuduoğlu deyir ki, Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik. Bir millət, bir dil olmalıyıq!
Mən hesab edirəm ki, bu fikir böyük təxribatlara yol aça bilər. Çünki bu təklif birbaşa Azərbaycan Respublikasının Konstitusiyasını pozur və konstitusiyamızda dövlət dili və xalqın vahidliyi ilə bağlı əksini tapan müddəalara ziddir.
Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. (AR dövlət dili haqqında Qanunu, maddə 18.1)
Əgər bu gün ictimaiyyət tərəfindən Şahbaz bəyin təklifinə ciddi təpki sərgilənməsə, sabah onun bu fikirlərindən ilhamlanan bir başqası da durub deyəcək ki, Azərbaycanda 300-dən çox rus məktəbi var. Gəlin dövlət dilini rus dili edək. Başqa birisi də durub deyəcək ki, bizim dinimiz islamdır. Gəlin dövlət dilini fars və yaxud ərəb dili edək.
Qətiyyən düşünmürəm ki, Şahbaz Xuduoğlu yazdıqlarını dərk etmir. Çünki özü yazır ki, Azərbaycanın müasir oxucuları Dostoyevski, Tolstoy, Çexov, Turgenev və s. kimi rus klassiklərini türkcə oxuyurlar. İndi Putin bizim “qeydimizə qalaraq” Şahbaz bəyin bu təklifinə qatılıb desə ki, rus klassiklərini niyə türkcə oxuyursunuz? Elə gəlin Dostoyevski, Tolstoy, Çexov, Turgenevi öz ana dilində oxuyun. Onda bu ayı xidməti kimin işinə yarayacaq?
İkinci məsələ. Azərbaycan Respublikası ərazisində yaşayan, dinindən, irqindən, milliyyətindən aslı olmayaraq hər bir vətəndaş soruşmaz ki, mənim dövlətimin dili niyə şivə olmalıdır? Sizcə, bu aruqmentdən Azərbaycan dövlətinin əleyhinə Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Osetiyadakı kimi istifadə edən tapılmayacaq?
Şahbaz bəy yazır ki, indi danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılaraq ədəbi dil şəklini alıb və göründüyü kimi heç də hamının sevimlisi ola bilməyib. Deyir ki, dilimizin konstitusiyada adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı.
Bu fikir isə Azərbaycanın ərazi bütövlüyünü, konstitusion quruluşunu hədəf alır. Necə yəni dilimiz əyalətçilikdən xilas olmadı? Bu nə deməkdir? İllərdən bəri fəaliyyət göstərən Qanun Nəşriyyatının rəhbərinin bu açıqlaması heç bir məntiqə sığmır. Üstəlik də durduq yerə Türkiyə ilə Azərbaycan münasibətlərinə, qarşılıqlı rəğbət və sevgiyə, qardaşlığa ciddi zərbə vurur. Olmadıq yerdə Azərbaycan xalqını Türkiyənin əleyhinə çevriməkdə məqsəd nədir? Çünki görürəm ki, öz dövlət dilini müdafiə etmək istəyən sadə Azərbaycan insanı Şahbaz Xuduoğlunu tənqid edəndə onun yanına Türkiyəni də qoşur. Və deyim ki, İranın təsirində olan adamlar da Xuduoğlunun xidmətlərindən məhahərtlə istifadə edə bilirlər.
Şahbaz bəyin bu gün sahib olduğu nə varsa, onun hamısını ona bəyənmədiyi Azərbaycan dili qazandırıb. Mirzə Cəlilin “Ah, yazıq vətən!” dediyi bu ölkənin dilinə hörmət etmək üçün görəsən, Şahbaz bəyə daha nə lazımdır?”.