Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib.
Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.
Yasamal rayon prokurorluğunda Hacı Şahinin ölümü ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi. Hacı Şahin ictimai fəaliyyətində məzhəbi məqamlardan və tarixi konfliktdən uzaq dayanmağa çalışan savadlı din xadimi kimi tanınmışdı.
Din xadiminin gözlənilməz ölümü ictimai xadimləri, sosial şəbəkə fəallarını, jurnalistləri, siyasətçiləri və s. dərindən sarsıdıb.
Onlar bu barədə sosial şəbəkədə paylaşım edib. “Sherg.az” həmin paylaşımların bir neçəsini təqdim edir:
Siyasi şərhçi Aqşin Kərimov: “Qalmaqaldan uzaq, tənqidə dözümlü, adekvat, mədəni, müzakirəyə açıq, dini inancın milli əsaslarla formalaşmasında xidmətləri olmuş bir şəxsi itirdik”.
Hərbi ekspert Ramil Məmmədli: “Hacı Şahin Həsənli şəhiddir. Onun ürəyini bu millətin məzlum və yardıma ehtiyacı milyonlarla insanının dərdi xəstə etdi. Artıq ürəyi tab gətirmədi.
Mən ona həmişə Şahin müəllim deyərdim. Çünki o həqiqətən müəllim idi. Hər zaman da mənim üçün belə də qalacaqsan, Şahin müəllim. İnşallah, milyonlarla səni sevən insanın duaları səninlədir”.
Politoliq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu: “Sağlığında adi bir maşınını müzakirə obyektinə çevirib ağzına gələni danışanlar, barı ölümünə hörmətsizlik etməyin! Hələ torpağa tapşırılmamış insan haqqında təhqir, söyüş hansı əxlaqın, mənəviyyatın məhsuludur? Allah Hacı Şahinə rəhmət eləsin. Dəyərli insan idi”
Aktyor Elşən Hacıbabayev: “Bir neçə il bundan qabaq, təxminən 15 il olar səsini telefonlarda eşitməyə başladım. Bu səs məni cəlb etdi, Ramazan ayı ərəfəsi idi. Sonra ramazan ayında Məşədi Dadaş məscidinə getməyə başladım. Mən onu canlı eşitmək istəyirdim. Hacı Şahin ilə mənim şəxsi tanışlığım yox idi amma həmişə istəmişəm tanış olum. Amma qismət olmadı Allah sənə rəhmət eləsin, Hacı”.
Politoloq Azər Rəşidoğlu: “Hacı Şahin radikal və təkfirçi cərəyanlara qarşı az qala təkbaşına savaşırdı. Onu radikal təkfirçilər sevmirdi. Hacı Şahin İranın Azərbaycanda şiələri oyuna çəkməyinin də qarşısını az qala təkbaşına alırdı. Onu İran da sevmirdi. Hacı Şahin vətəndaş mövqeyi olan adam idi. Fikirləri və düşüncəsi ilə demokratikləşmə, azad seçki tərəfdarı idi, bunu dəfələrlə, xüsusən də 2003-cü il seçkilərində bildirmişdi. Xalq Hərəkatının iştirakçılarından olub. Hacı mötədil mövqe tutmaqla insanları inandıra bilirdi. Minlərlə gənci narkomaniyadan xilas etmişdi. Möhtəşəm natiq və son dərəcə sadə insan idi. Onun qəfil ölümü çoxsaylı suallar doğurur. Bunu da araşdırmaq lazım gələcək. Hacı Şahinin ölümü Azərbaycan üçün böyük itki oldu. On minlərlə tərəfdarı olan, onları inandıra bilən bir ictimai xadimi itirdik”.
Araşdırmaçı-ekspert Elnur Eltürk: “Hacı Şahin dövlətimiz, xalqımız üçün önəmli şəxsiyyət idi. Dövlətçiliyimizin güclənməsi üçün xidmətləri əvəzsiz idi”.
Deputat Razi Nurullayev: “Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin ölüm xəbərinə çox üzüldüm. Nə qədər arzuları, planları yarımçıq qaldı. Ölümlər nə qədər cavanlaşıb, İlahi!
Rəhmətlik ilə bir neçə televiziya verilişlərində olmuşduq. Fikirlər düz gəlməyəndə belə Hacı Şahin çalışırdı ki, heç kimin xətrinə dəyən söz deməsin. Səbrli və dövlətini sevən şəxs idi”.
Yazıçı Şərif Ağayar: “Yaxşı insanın düşərgəsi olmur. Nə siyasi, nə milli, nə sinfi, nə də dini. Hacı Şahin bunu bir daha sübut etdi”.
Jurnalist Ayaz Mirzəyev: “Hacı Şahin dini elmlə birgə təbliğ edən, az sayda rastımıza çıxan savadlı ilahiyyatçılardan biri idi. Səmimiyyəti və təvazökarlığı yüksək tərbiyəsindən xəbər verirdi. Əvəzolunmaz insanlar yoxdur deyilir, amma Hacı kimi dəyərli insanın yetişməsi də uzun illər alır”.
İlahiyyatçı Elşad Miri: “Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahin Həsənlinin ürək tutmasından dünyasını dəyişdiyini eşitdim.
Eyni düşüncədə olmasaq da, dinə eyni prizmadan yanaşmasaq da, vəfatına çox üzüldüm.
Allah rəhmət eləsin! Günahlarını bağışlasın! Ailəsinə və sevdiklərinə səbr diləyirəm”.
Jurrnalist Aygün Muradxanlı: “Hacı Şahinin axşamçağı ürəyi tutub, həkimə gedib. Sakitləşdirici veriblər. Sonra evə qayıdıb. Autopsiya vacibdir”.