"Dərman vasitələrinin keyfiyyət parametrləri ilə bağlı narazılıqlar var. Mövcud problem dəfələrlə dilə gətirilib".
Bunu "Sherg.az"a tibb elmləri doktoru, professor Adil Qeybulla Ombudsmanın Milli Məclisdə dərman vasitələrinin keyfiyyəti barədə müzakirəsindən danışarkən deyib. Həkim vurğulayıb ki, artıq dərmanların keyfiyyət məsələsi ilə bağlı rəsmi səviyyədə fikir mübadilələri aparılır:
"Sadəcə Azərbaycandakı dərman vasitələrinin dövlət reyestri yoxdur. Preparatların ölkəyə idxalının qeydiyyat prosesində əsas məqamlardan biri dərmanı istehsal edən xarici firmalarla dövlətimiz arasında məsuliyyət müqaviləsinin imzalanmasıdır.
Çünki dərman təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Ona görə də bu gün Ukrayna, Rusiya, Belarus və digər ölkələrdən Azərbaycana xeyli dərman preparatları gətirilir. Onların cenerikləri gəlir. Açıq şəkildə etiraf etmək lazımdır ki, keyfiyyətsiz dərmanlar da mövcuddur.
Nəticədə də yararsız preparatlardan nə xəstə fayda görür, nə də həkim müalicəsi effekt verir. Ona görə də ölkəmizdə sözügedən proses dünyada təşkil edildiyi kimi davam etməlidir. Zamanla da Azərbaycanda milli tibbi əczaçılıq sənayesinə keçid üçün lazımi addımları atmalıyıq".
Qeyd edək ki, martın 7-də Milli Məclisin plenar iclası keçirilib. Ombudsman Səbinə Əliyeva çıxışında bildirib ki, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir.