Ermənilər Bakıya dəvət olundular! – “Bu, reinteqrasiya üçün müsbətdir”

"Əminliklə demək olar ki, Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətini Bakıya dəvət etməsində Rusiya və ya başqa bir üçüncü tərəf iştirak etməyəcək".
Bunu "Sherg.az"a Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət etməsindən danışarkən  bildirib. Jurnalistin sözlərinə görə, erməni ictimaiyyətinin nümayəndələri ilə görüş artıq birbaşa dövlətin, yaxud hökumətin öz vətəndaşları ilə təmasa girməyidir:
"Bu, reinteqrasiya üçün müsbət cəhətdir. Həmçinin onlar paytaxta gəlsələr də, gəlməsələr də, Bakı hamıya, o cümlədən də beynəlxalq ictimaiyyətə göstərir ki, ermənilərin reinteqrasiya olunması üçün yalan vədlər vermir, boş sözlər demir. Yəni Azərbaycanın təklifi ilə əməli birdir. Ermənilərin Bakıya gələcəklərinə inanmıram, lakin hər şey ola bilər. Hökumət dəvət edibsə, deməli, onların informasiyaları bizdən daha çoxdur. Yaxud, bəlkə də, ermənilərin paytaxta gəlməyəcəklərini bilirlər. Amma istənilən halda xoşməramımızı nümayiş etdiririk. Bu da təqdirəlayiq addımdır".
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət edir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.