Balıqları qoyunlar əvəzləyir 

Göl qurudu, otlağa çevrildi

  Qlobal iqlim dəyişikliyi dünyada bir çox fəsadlar ortaya çıxarıb. Suyu çəkilən, quruyan çayların, göllərin sayı durmadan artır, bir zamanlar yaşıllıqlara bürünmüş nəhəng ərazilər quraq səhralara çevrilir. Türkiyənin İstanbul şəhər bələdiyyəsinə aid Böyükçəkməcə gölü üzərindəki su anbarında cəmi 30 faiz su ehtiyatı qalıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, su anbarı ətrafında quraqlığı əks etdirən fotolar yayılıb. Qış mövsümü boyunca gözlənilən yağış və qarın yağmaması anbarda su səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olub. 

Ötən ilin mart ayında anbarda 94,5 faiz su ehtiyatı olub. Lakin payız və qış aylarında gərəkən miqdarda yağıntının düşməməsi anbarda su ehtiyatlarının kəskin azalmasına səbəb olub. 

Yüksəklikdən çəkilən fotolarda dəniz qabıqları, gölün içindəki qalıqlar və gölün rənginin dəyişdiyi görünür. Suyun çəkilməsiylə bir vaxtlar balıqların üzdüyü, su ilə dolu gölün sahilində indi qoyunlar otlayır. 

Təbii fəlakət haqqında danışan Əli Altındağ deyib  ki, göldə suyun səviyyəsi çox aşağı düşüb. 

Su anbarı üzərində tikilmiş körpü vaxtilə göl sularının altında qalırdı, indi isə körpü sulardan xeyli yüksəkdə görünür. Bu da göldə suyun səviyyəsinin xeyli aşağı düşdüyünü göstərir.