Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması təklif edilib.
Təklifi AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov irəli sürüb. Onun sözlərinə görə, fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılması, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılması və elmi nailiyyətlərinin, nəşrlərinin toplanılması nəzərdə tutulur.
F.İmanov elektron elmi informasiya mübadiləsinin təşkilində elektron kitabxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bir sıra bazalara abunəçiliyin əhəmiyyətini də vurğulayıb.
Təklifi "Sherg.az"a dəyərləndirən AMEA Elmi Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev "Qızıl fond"un yaradılmasını yüksək qiymətləndirib:
"Amerikada, Avropanın bir çox ölkələrində də eyni təcrübə var.
Dünyada təbii hadisələr baş verir, coğrafiya dəyişir. Müəyyən məlumatlar silinir, məhv olur. Fondun yaradılması yaxşı ideyadır. Lakin ədalətli yanaşma yürüdülməlidir. Balansı qorumaq lazımdır. Müxalif mövqedə olan, amma uğurlara imza atan şəxsləri də Fonda salmaq gərəkir.
Yəni fikrindən, siyasi baxışından asılı olmayaraq cəmiyyətin inkişafına töhfə verən insanların hər biri öz əksini tapmalıdır. Məsələn, Gəncə özünümüdafiə batalyonunun komandiri Mehman Ələkbərov "Qızıl Fond"a salınsın.
"Qızıl Fond"da məlumatlar yalnız kağız formatında yox, eləcə də elektronlaşdırılsın. Eyni zamanda informasiyaların nüsxələri olmalıdır. Çünki elektron sistemdəki məlumatlar bu və digər formada məhv ola bilər. Gələcək nəsilin sözügüdən arxivlərdən istifadə etməsindən ötrü şərait yaradılmalıdır".