"Hazırda Fazil Mustafanın səhhəti qaydasındadır. Müalicəsi davam edir".
Bunu "Sherg.az"a martın 28-i hücuma məruz qalan deputat Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib. O söyləyib ki, hər şey normaldır:
"Allahın köməyilə çox güman ki, yaxın vaxtlarda həkimlərin müalicəsi yekunlaşacaq və o, evinə buraxılacaq. Hadisə ilə bağlı əvvəlcədən nəsə demək mümkün deyil. Azərbaycanda hüquq- mühafizə orqanları bu işlə çox ciddi şəkildə məşğuldur. Silahlı hücumun bütün təqsirkarları, sifarişçiləri, icraçıları yəqin ki, qısa müddət ərzində məlum olacaq. Hər şey aydınlaşacaq. F.Mustafa indiyə kimi sosial şəbəkələrdə kifayət qədər təhdid, hədə-qorxu dolu mesajlar alıb. Böyük ehtimal bu silahlı hücumu törədənlər də həmin qüvvələrdir. Amma hər halda aidiyyəti qurumlar hadisənin motivini daha dəqiq şəkildə müəyyən edəcək".
Qeyd edək ki, millət vəkili Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub.
Xatırladaq ki, martın 28-i Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan deputata avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan milıət vəkilinə ilk olaraq kliniki tibbi mərkəzdə həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o hüquq mühafizə orqanlarından birinin hospitalına aparılıb.