Strateji hədəfə çatırıq! – “Laçındakı yeni yolda nəzarət-keçid məntəqəsi...”

"Üçtərəfli bəyanata əsasən, Laçın istiqamətində 5 kilometrlik zolaq sülhməramlıların nəzarətində olmalı idi. Lakin boşluq var idi".
Bunu Azərbaycan Ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürməsini  "Sherg.az"a dəyərləndirərkən hərbi ekspert Elxan Şıxəliyev deyib.
O bildirib ki,ermənilər həmin ərazidən qeyri-qanuni daşımalar həyata keçirirdilər:

"Rus sülhməramlılar da göz yumurdu. Ermənistan Silahlı Qüvvələri həmin yolla torpaqlarımıza istənilən hücum, diversiya, təxribat əməliyyatları keçirməsinə şərait yaranırdı. Artıq ordumuzun nəzarətindədir.

Yeni yolda nəzarət-keçid məntəqəsinin qurulması istiqamətində addım atılacağı istisna deyil. Rəsmi Bakı bu məsələdə israrını davam etdirir. 

Güman ki, ilkin mərhələdə sülhməramlılarla birgə keçidin təmin olunması reallaşacaq. 2025-ci ildən sonrakı dövrdə isə birbaşa Azərbaycan həyata keçirəcək. İstədiyimiz siyasi, strateji hədəflərimizə yaxınlaşırıq".

Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.