Azərbaycan-Tacikistan münasibətlərində yeni dövr başlayır



Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var


  Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasına səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Tacikistan dövlət başçısı Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Daha sonra liderlərin geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var: "Siz qeyd etdiyiniz kimi, Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var”. Tacikistan Prezidenti Emoməli Rəhmon da söyləyib ki, Tacikistan-Azərbaycan münasibətləri inkişaf edir: "Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Bu gün sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram. Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm”. Qeyd edək ki, liderlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan və Tacikistan arasında sənədlərin imzalanması mərasimi olub.
  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan-Tacikistan münasibətləri sovet dövründən öz tempini qoruyub saxlamaqdadır. Analitikin sözlərinə görə, Azərbaycan həmçinin Tacikstanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir: "İlk dəfə dövlət başçıları səviyyəsində görüş 1997-ci ildə İslam Konfransı Təşkilatının iclasında reallaşmışdı. Səfirliklər səviyyəsində diplomatik münasibətlərimiz 2007-2008-ci illərdə qurulsa da, biz Tacikistanın müstəqilliyini 1992-ci ilin may ayında tanımışıq. Bu illər ərzində iki ölkə arasında geniş spektrdə əlaqələr qurulub. Bu əlaqələr əsasən siyasi, sənaye, nəqliyyat, elmi-texniki, humanitar və hüquq-mühafizə sahələrini əhatə edir. Perspektivdə isə Azərbaycanın Tacikistana daha böyük həcmdə investisiya yatırması gözlənilir. Tacikistanla əlaqələrimizin inkişafının gələcəkdə Türkistanda və İranda mövqelərimizin güclənməsinə xidmət edəcəyi şübhəsizdir. Eyni zamanda Tacikistan üzərindən Əfqanıstanla əlaqələrimizin inkişafı perspektivi böyükdür. Biz Tacikstanla MDB və İslam Konfransı Təşkilatında ciddi tərəfdaşıq. İranın farsdilli əhalisi ilə etnik bağlılığı olan Tacikistanla yaxınlığımız bizim üçün xüsusilə əhəmiyyətlidir. Güman edirəm ki, gələcəkdə İranla münasibətlərimizin normallaşmasında Tacikistan öz töhfəsini verə bilər".