Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının Azərbaycan və Ermənistan sərhədinə göndərilməsi vaxtı İrəvandan asılıdır.
Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, qeyd edib ki, Rusiya belə bir addımın regionda vəziyyətin sabitləşməsinə kömək edəcəyinə əmindir.
“Belə qərarlar KTMT-də razılaşdırılır və Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə ən yüksək səviyyədə təsdiqlənir. Vaxta gəlincə, mənə elə gəlir ki, burada da hər şey aydındır, hər şey erməni həmkarlarımızdan asılıdır. Onlar hazır olduqdan sonra biz təşkilatın müşahidə missiyası üzrə əsaslı işə qayıda biləcəyik. Yəni, hazırda top İrəvandadır”, - Zaxarova bildirib.
Diplomatın sözlərinə görə, Rusiya İrəvanın KTMT nümayəndələrini qəbul etməkdə hələ də marağlı olmasından razıdır.
Rusiyanın rəsmi nümayəndəsini açıqlamasını "Sherg.az"a şərh edən politoloq Fuad Abbasov bildirib ki, Ermənistanla sülh sazişini vasitəçisiz, birbaşa imzalamaq lazımdır:
"Rusiya XİN sözçüsü M.Zaxarovanın dedikləri rəhbərlik Sergey Lavrovun, Müdafiə naziri Sergey Şoyqunun eləcə də, prezident Vladimir Putinin aldığı qərarların nəticəsidir.
KTMT bir neçə ölkədən ibarətdir. Orda Rusiya ilə yanaşı, Qazaxıstan, Belarus hərbçiləri də ola bilər. Lakin rəsmi Moskvanın təklifi olduğunu bildiyimizə görə, Rusiyadan göndərilən hərbçilərin Azərbaycan-Ermənistan sərhədində xidmət göstərməsi nəzərdə tutulur. Ermənistanın bölgəyə müşahidəçi missiyası adı ilə gətirdiyi Qərbi Avropalı hərbçilərə alternativ kimi nəzərdən keçirmək mümkündür. Azərbaycan tərəfinin buna razılıq verməsi yaxud göz yumması müzakirə mövzusudur. Heç bir marağı olmayan Avropaya alternativ olaraq Rusiyanın maraqlarını ortaya çıxaran fəaliyyətdir.
Ruslar sülhün təmin olunmasında iştirak etməyiblər. Daha çox Azərbaycanla Ermənistan arasında münüsibətlərdə qızışdırıcı rol oynayıblar. Perspektivdə nəticənin Azərbaycanın əleyhinə olacağını söyləyə bilərik".