Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Azərbaycanın tələbini "Sherg.az"a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı deyib ki, iki ölkə arasındakı gərginlik ən pik həddinə çatıb. Belə həddə çatmasında Azərbaycan tərəfinin heç bir günahı yoxdur:
"İkinci Qarabağ müharibəsi başlayandan indiyədək İran müxtəlif formada təxribatlara əl atıb. Müharibə dönəmində hərbi təxribatdan tutmuş, ölkə daxilində sabitliyin pozulması, casusluq fəaliyyəti ilə məşğul olub. Azərbaycanın İrandakı səfirliyinə hücum da edildi. Vətəndaşımız terrorun qurbanı oldu.
Digər bütün ölkələr kimi Azərbaycan da beynəlxalq hüquqa söykənərək istədiyi xarici hökumət vətəndaşını arzuolunmaz şəxs elan edə bilər. Bunun açıqlamasını vermək məcburiyyətində deyil.
Əminən ki, xüsusi xidmət orqanlarımız həmin 4 nəfərin fıaliyyəti ilə bağlı ölkə rəhbərliyinə və XİN-ə əsaslı faktlar təqdim ediblər. Onların Azərbaycanda qalmaqları təhlükəsizliyimizə zidd olduğu üçün belə bir tələb irəli sürülüb. Hər halda Azərbaycan tərəfinin addımından sonra İrandan reaksiya gələcək.
İran Azərbaycana qarşı pozuculuq fəaliyyətini yürütməsi və müstəqilliyimizi de-fakto tanımadığı müddət ərzindəndə gərginlik davam edəcək. Gərginliyi başladan Azərbaycan deyil, sonlandıran tərəf də olmayacaq, hər şey İrandan asılıdır".