“Azərbaycan İranın bu şıltaqlıqlarına kifayət qədər tutarlı qarşılıq vermək iqtidarında olan güclü bir dövlətdir”
“Hərbi-siyasi müttəfiqlərimiz Türkiyə və İsrail də prosesləri ciddi rejimdə izləyirlər”
Milli Məclisin İran parlamentinə cavab Bəyanatını hazırlamaq üçün komissiya yaradılıb. Bəyanat mətninin hazırlanması üçün komissiyaya Milli Məclis sədrinin müavini Fəzail İbrahimli rəhbərlik edəcək.Komissiyaya Zahid Oruc, Rafael Hüseynov, Cavanşir Paşazadə, Afət Həsənova və Kamran Bayramov daxildir.Qeyd edək ki, dünən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
XİN-in "persona-non-grata" elan etdiyi İran səfirliyinin diplomatları bunlardır: Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər.
Rəsmi Bakının addımını "Sherg.az"a dəyərləndirən, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli bildirib ki, İran heç vaxt ölkəmizin bir dövlət kimi mövcudluğunu həzm edə bilmir:
"Azərbaycanın bölgədə müstəqil siyasət aparması rəsmi Tehranı ikiqat özündən çıxaran amildir. Xüsusilə, uzun çəkən diplomatik müzakirələrdən sonra İsraildə səfirliyimizin fəaliyyətə başlaması tarixi bir hadisə idi. Tarixi zəfərlə bitən 44 günlük savaşdan sonra ərazilərinin böyük bir qismini erməni işğalından azad edən Azərbaycanla birlikdə 200 ildən sonra Cənubi Qafqaza daxil olan qardaş Türkiyənin bölgəmizdə tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranıb. İran reallıqlarla gec ya tez barışmalıdır.
Bu günlərdə millət vəkili Fazil Mustafaya qarşı törədilən terror əməliyyatında İran izlərinin olması barədə Azərbaycan XİN açıqlama yaymışdı. Ən son, DTX-nın terror hadisəsi ilə əlaqədar gerçəkləşdirdiyi həbslər zamanı saxlanılanların elə ya belə İran kəşfiyyat orqanları ilə təmaslarının olması ehtimalları araşdırılır. Ola bilsin, casusların İranın ölkəmizdəki səfirliyinin əməkdaşları ilə təmasları aşkarlanıb. Yoxsa Azərbaycan XİN İran səfirliyinin əməkdaşları ilə əlaqədar qeyd-şərtsiz “persona-non qrata” elan etməzdi".
A.Əsədlinin sözlərinə görə, İranın teokratik molla rejiminin Azərbaycan ərazisində din pərdəsi altında hibrid təsir mexanizmlərinin olduğu təzə xəbər deyil:
"Uzun illərdir, Azərbaycan hakimiyyətinə çağırış edirdik. Məlum şəbəkələrə total nəzarət etmək lazımdır ki, ölkəmizin dövlət quruluşuna qarşı açıq propoqanda aparan və onun dəyişdirilməsi istiqamətində proses başladanlar zərərsizləşdirilsin.
İranla diplomatik gərginlik nəinki artan xətlə inkişaf edir, hətta iki dövlət arasında münasibətlər hələ yaxın tarixdə normallaşma fazasına daxil ola bilməyəcəyini görürük. İran dövləti ağlını başına yığmalı və Azərbaycana düşmən münasibətə son qoymalıdır. Cənubi Qafqaz regionu İranın təkbaşına ağalıq edə biləcəyi bir bölgə deyil. Azərbaycan qonşularına münasibətdə hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq qalmaqla, sülhə, barışa, bərabərhüquqlu ikili tərəfdaşlıqlara üstünlük verib. Rəsmi Tehran, görünür, bu dili anlamaq istəmir.
Azərbaycan İranın bu şıltaqlıqlarına kifayət qədər tutarlı qarşılıq vermək iqtidarında olan güclü bir dövlətdir. Hərbi-siyasi müttəfiqlərimiz Türkiyə və İsrail də prosesləri ciddi rejimdə izləyirlər. İran odla oynamasın".