İbrahim Nəbioğlu:“ “Halbuki İranın dərdi Azərbaycanla deyil, onun yuxusunu ərşə çıxaran Turanın ayaq səsləri, Türk Dünyasının şahlanış marşıdır”
Rauf Arifoğlu:“İran hakimiyyətinin Azərbaycana dil uzatması onun durumunu daha da mürəkkəbləşdirir, iflasını surətləndirir”
Tanınmış jurnalist, tərcüməçi İbrahim Nəbioğlu öz feysbuk hesabında İranın “Tehran Times” qəzetinin manşetini paylaşıb. Manşetə "Bakı Ukrayna hadisələrindən dərs çıxarmalıdır" başlığı qoyulub.
İbrahim Nəbioğlu yazır ki, qəzet Azərbaycanı rəsmən təhdid edir, savaşla qorxudur: “Halbuki İranın dərdi Azərbaycanla deyil, onun yuxusunu ərşə çıxaran Turanın ayaq səsləri, Türk Dünyasının şahlanış marşıdır”.
Qeyd edək ki, aprelin 1-də İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib.
İranın Azərbaycan mediasına qarşı bu cür "əxlaqlı" iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya qətiyyən uyğun deyil.
Məsələyə münasibət bildirən “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, İran mediası, dövlət nümayəndələri, siyasi fiqurlar Azərbaycana münasibətdə hədlərini aşıb. İran Azərbaycana qarşı elan olunmamış hibdrid müharibə aparır:
“İran nəinki informasiya sahəsində həmçinin reallıqda da terror aktları törətməkdədir. Onlardan biri Tehrandakı səfirliyimizədə baş verən terror hadisəsidir. Digəri isə Bakıda Zabrat qəsəbəsində millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdidir. Özünü müsəlman adlandıran İran, Azərbaycanın Qarabağ Zəfərindən sonra çox əsəbi, narahat vəziyyətdədir, açıq şəkildə düşmənçilik siyasəti yürüdür. Buna baxmayaraq, Azərbaycan dövləti, mediası İrana münasibətdə dürüstdür, korrektir. Yalnız cavab xarakterli addımlar atır. "Tehran Times" qəzeti getsin, ölkənin daxili problemlərindən, çökməkdə olan İran molla rejimindən yazsın. Hazırda əmmaməli mollalar Tehran, Təbriz, İsfahan, Rəşt, Ərdəbil və digər ərazilərdə küçədə rahat gəzə bilmirlər. Əmmamələri başlarından atır, onları ələ salırlar. Belə bir vəziyyətdə olan hakimiyyətin Azərbaycana dil uzatması onun durumunu daha da mürəkkəbləşdirir, iflasını surətləndirir”.