“Hazırkı vaxtadək 380-i uşaq, 32-si qadın olmaqla 412 nəfər Azərbaycan Respublikası vətəndaşının repatriasiyası həyata keçirilib”.
Bunu “Report”a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, azərbaycanlıların əksəriyyətinin saxlanıldığı Suriya Ərəb Respublikasının ərazisində yerləşən qaçqın düşərgələrinin və həbsxanaların qeyri-legitim qurumların, o cümlədən qanunsuz silahlı qruplaşmaların nəzarəti altında olması prosesin həyata keçirilməsinə ciddi çətinliklər yaratsa da, problemin həlli üçün bütün mümkün variantlar aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir, həmin ərazilərdə təsir imkanlarına malik tərəfdaş ölkələrin köməkliyindən istifadə olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir:
“Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlər nəticəsində 2022-ci il ərzində Suriya Ərəb Respublikasından 48-i uşaq, 13-ü qadın olmaqla 61 nəfər, İraq Respublikasından 2-si uşaq, 3-ü qadın olmaqla 5 nəfər azad olunaraq respublikamıza gətirilib. Ümumiyyətlə isə, bu günədək 380-i uşaq, 32-si qadın olmaqla 412 nəfər Azərbaycan Respublikası vətəndaşının repatriasiyası həyata keçirilib. Bu şəxslər azad olunduqdan sonra aidiyyəti dövlət qurumları tərəfindən onların reabilitasiyası prosesi həyata keçirilir. Hazırda da bu istiqamətdə fəaliyyəti davam etdirilir”.
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a bildirib ki, Suriya kimi ölkələrdən gələn insanlarla DTX işləməlidir:
"Çünki belə insanların arasında cəsuslar ola bilər. Bu yaxınlarda İran agenti adı ilə Nardaranda həbs edilən bir nəfər buraxıldı. Bundan sonra isə o İrana keçib və ölkəmizə qarşı cəsusluq edib. Suriyada, İraqda olan insanlar ölkəyə gətirilməsi yaxşıdır. Amma biz diqqətli olmalıyıq. Çünki bu gün ölkədə İranın böyük agentura şəbəkəsinin olduğunu görürük. Onlar da Azərbaycanda uşaqlara narkotik paylayaraq beyinlərini yuyurlar. Bizim savadsız mollalarımız da buna dəstək verir. Ümumiyyətlə televiziyalar şou əvəzinə İslamın əsl dəyərini çardıran verilişlər təqdim etməlidirlər".
N.Cəfəroğlu qeyd edib ki, Suriya və İraqdan repatriasiya olunanların bu gün tam şəkildə cəmiyyətə buraxılmasının əleyhinədir:
"Çünki onların hansı şəraitdə hazırlandığını bilmirəm və qorxuram. Yüz faiz onların içərisində Azərbaycan əleyhinə çalışan agentlər var. Bu isanların hamısı yoxlanılmalı və müşahidə altında saxlanılmalıdır. Bu gün ölkəmizin təhlükəsizliyi hər şeydən vacibdir. Azərbaycan dövlətinin yaşaması və düşmənlərin daxildə ixtişaşlar yaratmasının qarşısını almaq prioritet olmalıdır".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə söyləyib ki, həmin şəxslərin reabilitasiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən psixoloqların iştirak ilə çox yüksək səviyyədə aparılır:
"Hazırda həm Bakıda, həm də Sumqayıtda işlər davam etdirilir. Yəni bu sahədə yetərincə işlər gedir. Məsələ isə sırf Sosial Xidmətləri Agentliyi, Ailə, Qadın Uşaq problemləri dövlət komitəsinin nəzarətindədir. Əlbəttə ki, sözügedən şəxslərdən Dövlətə qarşı hansısa təhlükə olarsa buna qarşı addımlar atılacaq".