"Ermənistan rəhbərliyi təxribat törətməklə öz siyasi hədəflərinə nail olmağa çalışır".
Bunu "Sherg.az"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov aprelin 11 də Laçın istiqamətində Ermənistan tərəfindən törədilən təxribatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, prinsip cəhətdən baxsaq, son zamanlarda bu təxribatın olmasına şərait yaradılırdı:
"Yəni artıq sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar haqqında söhbət gedirdi. Digər tərəfdən Ermənistanın sülh müqaviləsini bağlanması üçün Azərbaycan tərəfi cox ciddi addımlar atırdı. Laçın-Xankəndi istiqamətdəki yolların Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi üçün bir sıra işlər gedirdi.
Bunlar isə Ermənistan tərəfindən Azərbaycan torpaqlarına silah-sursat və canlı qüvvə daşınmasının qarşısını aldı. Həmçinin ölkə başçısının tərəfindən Laçın dəhlizində Azərbaycanın nəzarət mexanizminin yaradılması fikirləri də ermənilər üçün qıcıqlandırıcı amilə çevrildi. Buna görə də Ermənistan təxribata əl atdı.
Onlar sülh müqaviləsinin bağlanmasında və Üçtərəfli bəyanatdan irəli gələn vəzifələrini icra etməkdən boyun qaçırmağa çalışır. Yəni atəşkəs pozulduğu zaman, məsələni araşdırmaq və yenidən danışıqlara başlamaq üçün xeyli vaxt lazım olur. Ermənistan tərəfi isə öz xeyrinə vaxt udmağa çalışır".
Ş.Ramaldanov əlavə edib ki, bu təxribatlarla hərbi cəhətdən ermənilər heç bir uğur əldə edə bilməyəcək:
"Onlar vəziyyəti gərginləşdirərək yeni “oyunçu”ların diqqətinin regiona cəlb edilməsini planlaşdırır. Həmçinin rəsmi İrəvan KTMT-ni bölgəyə cəlb edərək onun fəaliyyətsizliyi barədə məlumat verməyi və Avropa İttifaqının Ermənistanda yerləşən missiyasının əhəmiyyətini qabartmağı hədəfləyir. Nə qədər ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb və onun havadarları regiondakı vəziyyətin gərgin saxlanmasında maraqlıdır proseslər bu formada da davam edəcək. Yəni biz hər zaman ermənilərdən gələcək təxribatlara hazır olmalı və sayıqlığı itirməmliyik. Səngərdə isə Azərbaycan ordusu bütün əməliyyat şəraitini öz nəzarətində saxlayaraq, adekvat addımlar atmağa davam edir. Ümumiyyətlə son təxribatların cavabsız qalmayacağını düşünürəm. Hesab edirəm ki, yaxın zamanlarda bununla bağlı müəyyən addımlar görəcəyik".
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi Gündüz oğlu Tağıyev şəhid olublar.