Erməni təxribatında İranın “əli”: "PUA -larla Ermənistana məlumat ötürür”

İranın kəşfiyyat PUA-ları Azərbaycanla sərhəddə uçur.
Bu barədə İranın SEPAH-a yaxın bir sıra “Telegram” kanalları məlumat yayıb.
Bildirilir ki, dronlar kəşfiyyat missiyaları yerinə yetirmək üçün ölkənin şimal-qərbində hərəkət edirlər.

İranla Ermənistanın Azərbaycana qarşı birgə fəaliyyət göstərdiyini deyən politoloq Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki, ötən gün Laçında Ermənistan tərəfindən törədilən təxribat zamanı İran PUA-larının Azərbaycan sərhəddində uçması da bunun göstəricisidir:

"İran tərəfi özünü vəziyyətə nəzarət edirmiş kimi göstərir. Amma əslində cənub qonşumuz Azərbaycan ərazisində kəşfiyyat xarakterli uçuşlar etməklə Ermənistana məlumatlar ötürür. Aprelin 11-də törədilən təxribatda “İranın əli”nin olması da istisna deyil. Nəzərə alsaq ki, bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda İranlı həmkarı Əli Şəmxani ilə görüşüb və bu görüşdə regional məsələlər müzakirə olunub. Bu görüşün detalları KİV-ə açıqlanmayıb. Lakin ehtimal etmək olar ki, görüşdə İran və Ermənistan Azərbaycana qarşı birgə təxribat planlarını da müzakirə ediblər".