“Qətiyyən yolumuzdan dönməyəcəyik”



Qərbi azərbaycanlıların məsələsi heç vaxt daxili və xarici gündəmdən kənarda qalmayacaq


  Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə müraciət ediblər. Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib. Onlar müraciətdə Ermənistanın törətdiyi etnik təmizləmə və digər insanlıq əleyhinə cinayətlər barədə məlumat verib. Eləcə də qadın və uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına Avropa Komissiyasının praktik yardımlarını xahiş ediblər. Qərbi Azərbaycandan olan ziyalı qadınlar və gənc tələbə qızların imzaladığı müraciətdə bildirilib ki, 1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasının məramı öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək məqsədi daşıyır. Qeyd olunub ki, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi total etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, icmamıza dağıdıcı təsir göstərib və xüsusən qadınlar və qızlarımızı böyük əzablara düçar edib. Vurğulanıb ki, Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq qadınlar, sülh və təhlükəsizlik gündəliyinə xüsusi önəm verir: "Təşkilatımızın hazırladığı Qayıdış Konsepsiyasında qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet hesab edilir. Bu sahədə beynəlxalq səviyyədə qəbul edilmiş mütərəqqi yanaşma və standartların, o cümlədən qadınlar, sülh və təhlükəsizlik gündəliyinin qayıdış prosesində mərkəzi rol oynaması nəzərdə tutulur. Əminik ki, qadınların rolunun artırılması dinc və sabit cəmiyyət yaratmaq üçün vacibdir. Biz bu gündəliyi təşviq etməyə sadiqik. Müvafiq olaraq, repatriasiya və reinteqrasiya prosesinin davamlı və effektiv olmasını təmin etmək üçün qadınların bu prosesdə fəal iştirakını nəzərdə tuturuq". Əlavə olunub ki, Ermənistan təkcə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməklə kifayətlənməyib. Həm də Ermənistandakı Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib: "Biz Avropa Komissiyasının ümumilikdə qayıdışımız üçün və ələlxüsus azərbaycanlı qadın və qızların Ermənistana repatriasiyası, reabilitasiyası və reinteqrasiyası zamanı xüsusi ehtiyaclarının ödənilməsinə xidmət edən proqramların işlənib hazırlanması və həyata keçirilməsi üçün müvafiq praktiki yardımını yüksək qiymətləndirərdik". 
  Qərbi Azərbaycan İcması ötən gün BMT-nin Baş katibi Antionio Quterreşə də məktub göndərib. Məktubda Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsi xahiş edilib. Məlumat verilib ki, azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb: "Etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib. Azərbaycanlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir. Biz istərdik ki, bu haqsızlıq aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanaraq, biz öz evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmağa can atırıq". Xatırladaq ki, İcma Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə də məktub ünvanlayıb. 

  Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı "Şərq"ə açıqlamasında deyib ki, Ermənistan tərəfi ciddi-cəhdlə çalışır ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı istiqamətində həyata keçirdiyi fəaliyyət, gördüyü işlər, atdığı addımlar gündəmdən çıxsın, arxa plana keçsin. Deputatın sözlərinə görə, erməni tərəfi bilməlidir ki, Qərbi azərbaycanlıların məsələsi heç vaxt daxili və xarici gündəmdən kənarda qalmayacaq: "Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına geri dönənədək bu istiqamətdə beynəlxalq müstəvidə aparılan mübarizə davam edəcək. Qətiyyən yolumuzdan dönməyəcəyik. 1987-1991-ci illər ərzində 300 mindən çox azərbaycanlı indiki Ermənistandan zorla qovulub. Xalqımız bir neçə dəfə deportasiyaya, soyqırımlara məruz qalıb, qaçqınlıq həyatı yaşamağa məcbur olublar. 1991-93-cü illərdə, müasir dövrdə, özü də beynəlxalq təşkilatların gözü önündə Qərbi Azərbaycandan yüz minlərlə soydaşımız etnik təmizləməyə məruz qaldı. Bunu necə unutdurmaq olar?! Əksər beynəlxalq qurumların, Avropanın nüfuzlu strukturlarının, o cümlədən BMT-nin qaçqınlar üzrə xüsusi orqanları var. Bütün müvafiq qurumlarla daim əlaqədə olmalı, ümumi iş aparmalıyıq". 
  Parlament üzvü vurğulayıb ki, bu istiqamətdə mübarizənin torpaqlarımızın işğaldan azad edilməsindən sonra başlanması normaldır: "Birinci mərhələdə İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatması, işğalın aradan qaldırılması idi. Ona görə də biz ilk növbədə bütün dünyanın, beynəlxalq qurumların Azərbaycan ərazisi kimi tanıdığı Qarabağdan, Xankəndidən qovulmuş, qaçqın düşmüş azərbaycanlıların öz yurdlarına qayıdışını təmin etməliydik. Ancaq buna rəğmən, dövlətimiz də, xalqımız da Qərbi azərbaycanlıların öz vətənlərinə qayıdışına, bunun reallaşmasına böyük önəm verir. Hazırda bu istiqamətdə ciddi fəaliyyət göstərilir. Real fakt olaraq qeyd edim ki, Qərbi Azərbaycanda doğulmuş mindən çox soydaşımız Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Bu, Qərbi Azərbaycanda, öz yurdlarında anadan olmuş insanların sayıdır. Ancaq nə qədər Qərbi azərbaycanlı var ki, valideynləri indiki Ermənistandan zorla köçürüləndən sonra Azərbaycanda dünyaya gəlib. Əlbəttə, Vətən, torpaq deyəndə, bizim üçün şimal-cənub, yaxud şərq-qərb olmur, hamımız bir can oluruq, bütöv oluruq. Torpaqlarımızın azadlığı uğrunda etnik kimliyindən asılı olmayaraq, hamı həmrəy oldu. Xalqımızın qəhrəman övladları, qızları vuruşdular, canlarından keçdilər. Azərbaycan xalqı olaraq bununla fəxr edirik".
  M.İbrahimqızı bildirib ki, Qərbi Azərbaycan İcmasının elan olunmuş Qayıdış Konsepsiyası var: "Burada hansısa savaşdan, silahlı münaqişədən, hərbi fəaliyyətdən söhbət getmir. Konsepsiyanın mahiyyəti Qərbi Azərbaycana sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışın təmin edilməsidir. Qərbi azərbaycanlılar birgə yaşayışın tərəfdarıdır və böyük arzu-istəklə öz dədə-baba yurdlarına geri dönmək istəyirlər. Ermənistan rəhbərliyinin iddia etdiyi kimi heç bir "ərazi iddiası"ndan söhbət gedə bilməz. Beynəlxalq hüquq çərçivəsində Qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdışı təmin olunmalıdır".