İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Səfir bu barədə “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan və İran xarici işlər nazirləri arasında konstruktiv danışıqlardan sonra Prezidentin köməkçisi Hikmət Hacıyevlə də səmimi və konstruktiv söhbətim oldu.
Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, - deyə o paylaşımda qeyd edib.
Görüşü dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, Xarici İşlər nazirləri səviyyəsində əməkdaşlığa yönəlik niyyət ifadə edildikdən dərhal sonra SEPAH Azərbaycan əleyhinə fəaliyyətini bir daha nümayiş etdirdi:
"Onlar gah Azərbaycana xəbərdarlıq edir, gah videolar çəkir. Yəni bu bütövlükdə İranın qeyri-səmimi imicini ortaya qoyur. Ümumiyyətlə onlar Azərbaycana qarşı Ermənistanı da içinə almış bir təzyiq dairəsi formalaşdırır. Məqsəd isə rəsmi Bakını Ermənistanla sülh müqaviləsi bağlamaqdan daşındırmaq və Zəngəzur dəhlizin reallaşmasına mane olmaqdır. Cənub qonşumuz bunu hərbi müstəviyə daşımağa çalışır. Hətta uzun müddətdir ki, bizim İrandakı səfirliyimiz bağlıdır və səfirimiz yoxdur. Çünki bizim Tehrandakı səfirliyimizə hücum olundu və hələ də Azərbaycan tərəfi qaneedici cavab ala bilməyib. Digər tərəfdən İranın Azərbaycandakı səfirinin də diplomatik səviyyəsi aşağı vəzifəli şəxslərlə görüşə uyğunlaşdırıldı. Yəni Seyid Abbas Musəvi Azərbaycan XİN-nin üçüncü-beşinci dərəcəli katibləri və idarə rəisləri ilə görüşməyə başladı. Ancaq əlbəttə Hikmət Hacıyev ilə görüş kifayət qədər yüksək ranqlı sayılır. Belə görünür ki, İranın ciddi niyyətlərini Azərbaycan tərəfi normal qəbul etməyə başlayacaq. Ciddi niyyət dedikdə isə cənub qonşumuzun səmimiyyəti və rəsmi Bakını qane edən münasibət göstərməsi nəzərdə tutulur".