Ermənistan revanşa hazırlaşır? – “İran, Hindistan və Rusiya ilə...” - Risk artır!

“Bunlar rəsmi İrəvanda müəyyən hazırlıqların olduğunu deməyə imkan verir”

“Buna görə də Azərbaycan ordusu öz hazırlıqlarına davam etməli və bütün istiqamətlərdə strateji cəhətdən əhəmiyyətli sayıla biləcək yüksəklikləri, yolları, mühüm obyektləri nəzarətə götürməlidir"


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan vəzifəsindən azad olunub.
 Bu barədə Prezident Vaaqn Xaçaturyan fərman imzalayıb.
Qeyd edək ki, Maralçyan 2020-ci ilin oktyabrında sərhəd qoşunlarının komandanı təyin edilib.
Ermənistanın son zamanlarda xaricdən silah alaraq arsenalını gücləndirməsi və Orduda kadr islahatları aparması İrəvan revanşa mı hazırlaşır? Onlartərəfindən daha bir hərbi əməliyyatın olması ehtimalı mı var sualı yaradır?

Vəziyyəti dəyərləndirən hərbi ekspert Alparslan İmamqulu "Sherg.az"a söyləyib ki, Ermənistan öz revanşist əməllərini davam etdirməkdədir:

“Biz heç bir zaman Ermənistan ordusunda olan kadr islahatlarını yaxşıya doğru dəyərləndirə bilmərik. Çünki Ermənistanın həm İranla olan təhlükəsizlik müqaviləsi, həm Hindistanla olan silah alqı-satqısı, həm də vaxtaşırı Rusiyaya olan ziyarətlər rəsmi İrəvanda müəyyən hazırlıqların olduğunu deməyə imkan verir. 

Xüsusən də proseslər Azərbaycan torpaqlarında mövcud olan minlərlə terrorçunun məskunlaşması fonunda inkişaf edir. Həmçinin onlara himayədarlıq edən Kremlin hələ də öz dəstəyini əsirgəməməsi bizə bölgədə risk olduğunu xatırladır. 

Buna görə də Azərbaycan ordusu öz hazırlıqlarına davam etməli və bütün istiqamətlərdə strateji cəhətdən əhəmiyyətli sayıla biləcək yüksəklikləri, yolları, mühüm obyektləri nəzarətə götürməlidir".