“Digər strukturların müdaxiləsi sabitliyin pozulmasına gətirib çıxaracaq”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru saytının jurnalisti Sona Rüstəmovanın aprelin 11-də Ermənistan və Azərbaycan hərbçiləri arasında baş verən insidentlə bağlı sualını cavablandırarkən bildirib.
Zaxarova qeyd edib ki, atışma Qərbin müdaxiləsi nəticəsində baş verib.
“Uzun müddətdir davam edən bu məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər oyunçuların və ya strukturların oraya daxil olması nəzərdə tutulan effekti verməyəcək - sülhün əldə edilməsi təmin edilməyəcək. Bu, təəssüf ki, gərginləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracaq”, - deyə Zaxarova vurğulayıb.
“Sherg.az” olaraq məsələ ilə bağlı şərh almaq üçün sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxladıq.
Məmmədyarov Zaxarovanın açıqlamasına fikir bildirməkdən imtina etdi:
“Düzünü deyim, yaxşı sualdır. Amma təklif edirəm ki, sualı “Şərq” qəzeti adından Zaxarovaya göndərin. Zaxarovaya deyib, gərək özü də cavab versin. Zaxarovanın açıqlamasını şərh etməyəcəm. Sualı “E-mail”lə Zaxarovaya göndərin ki, nə demək istədiyini sizə anlatsın”.